08 may 2026 22:45
205

Sergey Kislitsa: Ukrayna Bakıda keçiriləcək WUF13-də yüksək səviyyədə təmsil olunacaq

Ukrayna Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü Sessiyasında yüksək səviyyədə təmsil olunacaq.

“İki sahil” xəbər verir ki, bu fikri Ukrayna Prezident Ofisi Aparatı rəhbərinin birinci müavini Sergey Kislitsa Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşündə bildirib.

Sergey Kislitsa Ukraynanın gündəliyinin tədbirin prioritetləri arasında olacağını gözlədiyini qeyd edib.

“Ümumdünya Şəhərsalma Forumu urbanizasiyaya həsr olunmuş beynəlxalq tədbirdir. Onun iştirakçıları sürətli urbanizasiya və onun icmalara, şəhərlərə, iqtisadiyyata, iqlim dəyişikliyinə və dövlət siyasətinə təsiri ilə bağlı problemlərə həll yolları axtarırlar”, - deyə Sergey Kislitsa əlavə edib.

O, Rusiyanın Ukrayna şəhərlərini və mülki infrastrukturunu sistematik şəkildə məhv etməsini vurğulayıb. Dağılmış əraziləri bərpa etmək üçün daha geniş beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında dialoq və əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.