Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 1-ci mərhələnin qalibləri müəyyənləşib. 24 komandanın tərkibində mübarizə aparan velosipedçilər “Sea Breeze”dən start götürməklə 159,3 kilometr məsafə qət ediblər və Sumqayıt şəhərində finiş xəttini keçiblər.
“İki sahil” xəbər verir ki, mərhələ qalibi fotofinişə əsasən müəyyənləşib – Çin Xalq Respublikasının “Li Ning Star” kontinental komandasının üzvü Aleksey Şnirko 3 saat, 30 dəqiqə, 2 saniyə göstərici ilə 1-ci olub. Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Qleb Siritsa 2-ci, Belçikanın “Tarteletto-Isorex” kontinental klubunun üzvü Timoti Düpon isə 3-cü nəticə göstərib. Fərqlənən velosipedçilərə mükafatları Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov təqdim ediblər.
Şnirko mərhələ qalibiyyəti ilə yanaşı, ümumi təsnifatda liderliyi də ələ keçirərək, “Silkway West Airlines” tərəfindən təqdim olunan mavi köynəyə də yiyələnib. O, həmçinin “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyə də sahib çıxıb. Bu köynəkləri ona yarışın fəxri qonağı, şose velosipedi üzrə London-2012 Yay Olimpiya Oyunlarının qalibi qazaxıstanlı Aleksandr Vinokurov təqdim edib.
Belçikanın “Tarteletto-Izorex” klubunun velosipedçisi Yorben Laurissen Azərbaycan Hava Yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri formasını qazanıb. Polşanın “Mazovçe Serce Polska” kontinental komandasının üzvü Ksavyer Qarnek isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi əldə edib. Bu köynəkləri idmançılara Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim edib.
Sabah keçiriləcək 2-ci mərhələdə velosipedçilər “Sea Breeze”dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət edəcəklər. Bu mərhələ daha çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirir.