14 may 2026 16:21
82

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib.

“İki sahil” xəbər verir ki, bəyənnamənin mətnini Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli oxuyub.

Bəyənnamədə qeyd edilib ki, Platformanın formalaşması ortaq tarixi zərurətin və dərinləşən qlobal həmrəyliyin məntiqi nəticəsidir. Bu mühüm mərhələnin kökləri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və COP29 zamanı yaradılmış əməkdaşlıq ənənələrinə dayanır. Bu əməkdaşlıq mühiti 120-dən çox ölkədən min nəfərdən artıq nümayəndəni birləşdirən beynəlxalq şəbəkənin yaranmasına təkan verib.

Eyni zamanda, bildirilib ki, Qlobal Cənubun ortaq maraqlarını daha effektiv qorumaq üçün idarəetmə mexanizmlərinin gücləndirilməsi, regional təmsilçiliyin genişləndirilməsi, Katibliyin rolunun artırılması və ixtisaslaşmış işçi qruplarının yaradılması planlaşdırılır. Regional balansı təmin etmək üçün Baş Katibə dörd regional müavin dəstək verəcək.

Baş Assambleyanın hər il mənzil-qərargahın yerləşdiyi ölkədə toplanması qərara alınıb. Katibliyə rəqəmsal əməkdaşlığı genişləndirmək, bilik mübadiləsini zənginləşdirmək, beynəlxalq donorlarla tərəfdaşlıq imkanlarını araşdırmaq və birgə qrant təşəbbüsləri hazırlamaq tapşırılıb. Beynəlxalq forumların təşkili, gənclərin və yeni vətəndaş cəmiyyəti liderlərinin Platformaya cəlb edilməsi, institusional yaddaşın formalaşdırılması və qlobal qurumlara birgə sənədlərin təqdim edilməsi əsas fəaliyyət sahələri kimi müəyyən edilib.