25 may 2026 19:02
170

Nəqliyyat infrastrukturunun yenilənməsi gündəmdə

Ekspert: Yeni dairəvi yolların, tunellərin və körpülərin tikintisi artıq icra mərhələsinə daxil olub

Bakıda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində son illər həyata keçirilən layihələr paytaxtın mobillik imkanlarının genişləndirilməsinə yeni perspektivlər açır. Əhali sayının və nəqliyyat vasitələrinin artdığı bir dövrdə ictimai nəqliyyatın daha çevik, rahat və dayanıqlı formada təşkili əsas prioritetlərdən birinə çevrilib. Bu baxımdan tramvay xətlərinin yenidən yaradılması və bəzi bölgələrdə kanat yolu layihələrinin gündəmə gəlməsi şəhər və region nəqliyyatının inkişafında mühüm mərhələ kimi dəyərləndirilir.

Müasir dünya təcrübəsi göstərir ki, iri şəhərlərdə nəqliyyat sisteminin yalnız bir istiqamət üzərində qurulması artıq kifayət etmir. İctimai nəqliyyatın şaxələndirilməsi həm sərnişin rahatlığının təmini, həm də şəhərdaxili hərəkətin daha səmərəli təşkil olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Tramvay xətlərinin istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edən layihələrdən hesab olunur. Relsli nəqliyyatın tətbiqi ictimai nəqliyyat şəbəkəsinin imkanlarını genişləndirməklə yanaşı, şəhər daxilində daha sürətli və nizamlı hərəkətin təmin olunmasına əlavə töhfə verə bilər.

Bununla yanaşı, bölgələrdə kanat yolu layihələrinin həyata keçirilməsi turizm potensialının gücləndirilməsi və müasir nəqliyyat həllərinin tətbiqi baxımından diqqət çəkir. Xüsusilə dağlıq ərazilərdə belə layihələrin reallaşdırılması həm nəqliyyat əlçatanlığının artırılmasına, həm də regionların inkişafına müsbət təsir göstərə bilər. Yol infrastrukturu, yeni nəqliyyat qovşaqları, körpü və tunel layihələri ilə paralel şəkildə həyata keçirilən bu yeniliklər Azərbaycanın nəqliyyat sisteminin daha müasir və inteqrasiya olunmuş model üzrə inkişaf etdirilməsi istiqamətində atılan addımlar kimi qiymətləndirilir.

Tramvay artıq ideya deyil, layihə mərhələsindədir

Bu istiqamətdə nəzərdə tutulan layihələrin perspektivləri, onların paytaxt və regionların nəqliyyat sisteminə verəcəyi töhfələr, eləcə də həyata keçirilən yenilənmə prosesinin ümumi mənzərəsi ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert  Eldəniz Cəfərov "İki sahil"ə açıqlamasında öz fikirlərini bölüşdü. Onun sözlərinə görə, Laçında yeni kanat yolunun qurulması nəzərdə tutulur, Balakəndə isə mövcud kanat yolu yenilənərək istismara veriləcək: "Tramvay xətlərinin yaradılması məsələsinə gəldikdə isə bu, artıq sadəcə təşəbbüs deyil, konkret layihə mərhələsinə keçmiş prosesdir. Layihə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramın da təsdiqlənib. Yaxın zamanda layihələndirmə işlərinin yekunlaşacağı və Bakı şəhərində tramvay xətlərinin çəkilişinə başlanacağı gözlənilir.

Tramvay xəttinin istifadəyə verilməsi ilk növbədə paytaxtın ictimai nəqliyyat sistemini daha da gücləndirəcək. Hazırda ictimai nəqliyyat əsasən avtobus və metro üzərində qurulub. Tramvayın istifadəsi isə nəqliyyatın şaxələnməsinə imkan yaradacaq. Bu nəqliyyat növünə ciddi ehtiyac var. Ümid edirəm ki, tramvay xətləri elə planlaşdırılacaq ki, həm səmərəli və rentabelli olsun, həm də daha sürətli hərəkəti təmin etsin. Xüsusilə də tramvay yollarının avtomobil yolları ilə minimum kəsişməsi və ayrıca hərəkət zolaqlarına malik olması mühüm məsələdir. Tramvay daha çox sərnişin daşımaq imkanına malikdir və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi hesab olunur. Rels üzərində hərəkət etdiyi üçün maneələrlə daha az qarşılaşır və bu da onun qrafik üzrə vaxtında mənzil başına çatmasına şərait yaradır".

Köhnə nəqliyyat vasitələri mərhələli şəkildə yenilənir

Ekspert onu da qeyd etdi ki, nəqliyyat probleminin həlli ilk növbədə yol infrastrukturundan başlayır. Yol yoxdursa, nəqliyyatın inkişafından danışmaq çətindir. Son illərdə mövcud resurslar çərçivəsində nəqliyyat sisteminin əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini müşahidə edirik. Qısa müddət ərzində köhnə taksilər dövriyyədən çıxarılıb, yeniləri ilə əvəz olunub və bu sahədə müəyyən nizam-intizam yaradılıb. Eyni zamanda, avtobus parkı da yenilənir, köhnə avtobuslar mərhələli şəkildə istismardan çıxarılır, onların yerini daha müasir və ekoloji cəhətdən təmiz avtobuslar tutur. Bakıətrafı qəsəbələrə də yeni və komfortlu avtobuslar verilib.

Bəzi özəl daşıyıcıların marşrutlarında hələ də köhnə avtobuslara rast gəlinir. Lakin görünən odur ki, bu il onlar üçün son mərhələ olacaq. Özəl daşıyıcılar ya avtobus parkını yeniləməli, ya da bu sahədən çəkilməli olacaqlar.

Yeni yollar, tunellər və körpülər gündəmdədir

E. Cəfərov diqqətə çatdırdı ki, yol infrastrukturu ilə bağlı müəyyən çətinliklər mövcud idi. Bunun həlli istiqamətində də Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında mühüm layihələr təsdiqlənib. Yeni dairəvi yolların, tunellərin, körpülərin və yol ötürücülərinin tikintisi gündəmdədir. Hazırda bu istiqamətdə proses artıq layihələndirmə mərhələsini keçərək əməli icra mərhələsinə daxil olub. Qarşıya qoyulan əsas hədəflərə nəzərdə tutulan illər ərzində nail olunması planlaşdırılır.

Nigar Orucova, "İki sahil"