BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal şəhərsalma və şəhərlərin gələcəyi ilə bağlı mühüm müzakirələrin aparıldığı beynəlxalq platforma kimi davam edir. Forum çərçivəsində iştirakçılar öz ölkələrinin təcrübələrini bölüşür və şəhər inkişafı ilə bağlı fikirlərini təqdim edirlər.
“İki sahil” forum iştirakçılarının tədbirlə bağlı təəssüratlarını öyrənməyə davam edir.
Boston Consulting Group-un tərəfdaşı və direktor müavini Ekaterina Shapochka “İki sahil”ə özəl açıqlamasında WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu bildirib.
O qeyd edib ki, bu, onun Ümumdünya Şəhərsalma Forumunda üçüncü iştirakıdır və Bakıdakı təşkilatçılıqdan məmnun qalıb:”Tədbirin təşkil olunma səviyyəsi çox yüksəkdir. Təşkilatçıların yanaşması, insanların mehribanlığı, forum məkanı və dekorasiyalar çox xoş təsir bağışlayır”.
Ekaterina Shapochka forumda müzakirə olunan mənzil (housing) mövzusunu xüsusilə vacib hesab etdiyini bildirib:
“Mənzil əlçatanlığı hazırda dünyada ən aktual problemlərdən biridir və getdikcə daha da çətinləşir. Buna görə də bu mövzunun seçilməsi çox doğrudur və məncə, bu məsələ Azərbaycan və Bakı üçün də olduqca əhəmiyyətlidir”.
O, Bakı şəhəri haqqında təəssüratlarını da bölüşüb:”Bakı çox gözəl və yaşamaq üçün əlverişli şəhərdir. Şəhərdə çoxlu yaşıllıq görürəm, ictimai məkanlar genişdir, mikromobillik inkişaf edir. Eyni zamanda, Bakının memarlıq nümunələri qorunub saxlanılıb və bu da həm sakinlər, həm də turistlər üçün çox cəlbedicidir”.
Qonaq bildirib ki, Bakıya üçüncü dəfədir səfər edir və hər dəfə şəhərdə inkişafı müşahidə edir.
O, həmçinin forumun təşkilati səviyyəsini yüksək qiymətləndirib:”Hər şey çox aydın və səliqəli təşkil olunub. Nəqliyyat, xüsusilə servis avtobusları çox rahatdır. Ümumilikdə hər şeydən məmnunam”.
Yaqut Ağaşahqızı, “İki sahil”