23 may 2026 14:00
133

Azərbaycanda icbari sığorta üzrə ödənişlər 21 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 92,213 milyon manat sığorta haqqı toplanılıb.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,5 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 53,71 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3 % çoxdur.

Beləliklə, 4 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 32,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub.