23 may 2026 14:21
127

ADB Azərbaycanda relsli şəhər nəqliyyatının inkişafı üçün texniki yardım ayırır

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda relsli şəhər ictimai nəqliyyatının inkişafına dəstək layihəsi üçün texniki yardımın ayrılması imkanını öyrənir.

“İki sahil”in ADB-yə istinadən verdiyi məlumata görə, texniki yardım çərçivəsində Texniki Yardım Xüsusi Fondu vasitəsilə 500 min ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.

Texniki yardım əsasən Bakı Metropoliteninin Genişləndirilməsi üzrə İnvestisiya Proqramının hazırlanmasına yönəldilib. Onun ADB-nin ümumilikdə təxminən 1 milyard ABŞ dolları məbləğində resursları hesabına qismən maliyyələşdirilməsi nəzərdə tutulur.

Proqrama 8,3 km uzunluğunda tunellərin çəkilməsi və beş yeni stansiyanın tikintisini əhatə edən metro xəttinin uzadılması daxildir. Texniki yardım hərtərəfli layihələndirmənin zəruri ekspertizasının vaxtında aparılmasını, ekoloji və sosial tələblərə, həmçinin satınalma prosedurlarına uyğunluğun yoxlanılmasını təmin edəcək. Bundan başqa, texniki yardım Bakı Metropoliteni tərəfindən 2030-cu ildən sonrakı dövr üçün şəbəkənin genişləndirilməsinin növbəti mərhələsinin hazırlanmasına, habelə ilkin dəyəri 1 milyard ABŞ dolları (ƏDV nəzərə alınmadan) olan altı dəmir yolu infrastrukturu obyektini əhatə edən Abşeron dairəvi xətti layihəsinin işlənib hazırlanmasında "Azərbaycan Dəmir Yolları" QSC-yə dəstək göstərəcək.

"Son illər ərzində Bakı Metropoliteninin sərnişin axını əhəmiyyətli dərəcədə artıb ki, bu da cari və perspektiv tələbatın təmin edilməsi üçün şəbəkənin genişləndirilməsini və qatarların hərəkət tezliyinin artırılmasını prioritet vəzifəyə çevirir. "Bakı Metropoliteni" QSC iki xəttin - "Yaşıl" və "Bənövşəyi" xətlərin uzadılması üçün təxminən 20 km uzunluğunda tunellərin, 9 yeni stansiyanın ("Yaşıl xətt"də dörd, "Bənövşəyi xətt"də beş), iki deponun inşasını, həmçinin əlavə hərəkət tərkibinin (300 vaqon) alınmasını nəzərdə tutan layihə hazırlayır", - ADB-nin materiallarında qeyd olunur.

Layihənin ümumi ilkin dəyəri 2,6 milyard ABŞ dolları təşkil edir. İnvestisiya proqramının həyata keçirilməsi yollardakı tıxaclar nəticəsində getdikcə daha çox yüklənən paytaxtda metropolitenin əhatə zonasını genişləndirmək üçün zəruridir. (Rəqəmsal) əməliyyat sistemlərinin modernləşdirilməsi ilə birlikdə bu layihə qatarların hərəkət intervalının 2 dəqiqədən 1 dəqiqə 45 saniyəyə qədər azaldılması sayəsində ötürücülük qabiliyyətini hər il 25 milyon sərnişin artırmağa imkan verəcək.

"Hökumət ADB və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) ayrı-ayrılıqda təxminən 1 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırması üçün müraciət edib. ADB rəqəmsallaşma komponentini və "Bənövşəyi xətt"in (beş stansiya daxil olmaqla) uzadılmasını maliyyələşdirmək niyyətindədir. AIIB deponun tikintisinin (birinci mərhələ olaraq göstərilən) və "Yaşıl xətt"in (dörd stansiya daxil olmaqla) uzadılmasının maliyyələşdirilməsini öz üzərinə götürəcək. Layihənin icra müddəti 7 il olacaq", - bankın məlumatında bildirilir.

Kredit layihəsi Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün Dövlət Proqramının ayrılmaz hissəsidir. Proqram 2040-cı ilə qədər Bakının Baş Planı çərçivəsində paytaxtın və qonşu ərazilərin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına, iqtisadi artımın stimullaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilib. Layihə milli, regional və bələdiyyə səviyyələrində əsas iştirakçıların sıx qarşılıqlı əlaqəsi çərçivəsində hazırlanır və həyata keçiriləcək; onun təməlində ekoloji cəhətdən daha təmiz, inklüziv və iqtisadi cəhətdən inkişaf edən şəhər məkanının yaradılmasına kompleks yanaşma dayanır. Dövlət büdcəsindən maliyyələşdirilən genişləndirmənin hərtərəfli layihələndirilməsinə 2025-ci ilin əvvəlində topoqrafik tədqiqatların aparılması, marşrut xətlərinin və konseptual memarlıq həllərinin işlənib hazırlanması ilə başlanılıb və işlərin 2026-cı ildə başa çatacağı gözlənilir.

"Təklif olunan texniki yardım ADB-nin hərtərəfli yoxlama, ilk növbədə, ətraflı layihələndirmənin ekspertizası, sosial və ekoloji standartlar (hər iki istiqamət A kateqoriyası üzrə təsnif edilib), eləcə də satınalma prosedurları ilə bağlı tələblərin yerinə yetirilməsinə zəruri dəstəyi təmin edəcək. Bakı Metropoliteninin 2030-2040-cı illər üçün strategiyasında "Bənövşəyi xətt"in gələcəkdə uzadılmasının nəzərdə tutulduğunu nəzərə alaraq, texniki yardım ADB-nin potensial kredit layihəsi çərçivəsində müvafiq işlərin hazırlanmasına da töhfə verəcək", - bankdan bidirilib.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox investisiya yatıraraq 145 layihəni maliyyələşdirib. Bunun təxminən 4 milyard dolları dövlət sektoruna, 1 milyard dolları isə özəl sektora yönəldilib. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dolları, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit ayırıb.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.