29 may 2026 23:00
698

Yaxşı müəllim 3 keyfiyyətə sahib olmalıdır: Səbr, ədalət, sevgi

Pedaqoji fəaliyyətimdə əsas məqsədim şagirdlərə təkcə düstur öyrətmək deyil, düşünməyi, problemə müxtəlif tərəfdən baxmağı aşılamaqdır

Lamiyə Əfəndiyeva: Həyatda ən böyük uğurum yüzlərlə şagirdin riyaziyyatı “qorxulu dərs” kimi yox, “məntiq oyunu” kimi görməsinə nail olmağımdır

 

Riyaziyyat müəllimlərinin fəaliyyəti şagirdlərin məntiqi düşüncə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Riyaziyyat insanı düşünməyə, analiz etməyə, araşdırmağa və düzgün qərar verməyə alışdıran elm sahəsidir. Şagirdə riyaziyyatı sevdirən müəllim əslində ona yalnız düstur deyil, düşünməyi və həyatda problemlərə həll yolu tapmağı öyrədir. Buna görə də riyaziyyat müəlliminin zəhməti şagirdlərin həm təhsilində, həm də gələcək həyatında mühüm iz qoyur.

Məhz belə pedaqoqlardan biri də Əfəndiyeva Lamiyə Əfəndi qızıdır.  Hazırda A. Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərən Lamiyə müəllimə, 30 illik pedaqoji fəaliyyəti ərzində yüzlərlə şagirdin savadlı və düşünən şəxsiyyət kimi formalaşmasına öz töhfəsini vermişdir.

 

Lamiyə müəllimənin uğurları və əldə etdiyi nailiyyətlər onun pedaqoji fəaliyyətinin nə qədər zəngin və məhsuldar olduğunu göstərir. O, Azərbaycan Amerika Mərkəzinin nəzdində fəaliyyət göstərən “Enjoy English Club” layihəsinin “İngilis dilini öyrən, nailiyyətdən zövq al” şüarı ilə keçirilən 13-cü İnteraktiv Təhsil Forumunda davamlı könüllü kimi iştirak edərək sertifikatla təltif olunmuşdur. Bununla yanaşı, Azerbaijan Teacher Development Centre tərəfindən təşkil olunan “Assessing Learning” və “Master Class” adlı beynəlxalq konfranslarda iştirak etmiş, müasir tədris metodları və qiymətləndirmə sahəsində biliklərini daha da inkişaf etdirmişdir.

Lamiyə müəllimə beynəlxalq səviyyəli psixoloji və inkişaf yönümlü təlimlərdə də fəal iştirak etmişdir. Ankara Psikoloji ve Gelişim Zirvəsində “Mutlu yaşam becerisi”, “Motivasyon”, “Liderlik”, “Ego, korku ve hayalleri gerçekleştirmek” mövzularında keçirilən sessiyalarda iştirak edərək müxtəlif sertifikatlara layiq görülmüşdür. Bu təlimlər onun həm pedaqoji, həm də şəxsi inkişafında mühüm rol oynamışdır.

2019-cu ildə Dokuz Eylül Universitetinin akademik heyətinin iştirakı ilə keçirilən “1. Eğitimde Kalite Uluslararası Bilimsel Konferansı”nda iştirak etmişdir. Təhsildə keyfiyyətin artırılması və müasir yanaşmaların tətbiqi istiqamətində keçirilən bu konfrans Lamiyə müəllimənin peşəkar inkişafına mühüm töhfə vermişdir.

2020-ci ildə ARTİ tərəfindən təşkil olunan “Riyazi situasiya məsələlərinin həlli” mövzusunda təlimdə iştirak etmiş, riyaziyyatın tədrisində yeni metod və yanaşmaları mənimsəmişdir. 2021-ci ildə keçirilən “2nd International Forum on New Challenges in Education” forumunda iştirakı da onun təhsil sahəsində yeniliklərə daim maraq göstərdiyini sübut edir.

Lamiyə müəllimənin pedaqoji fəaliyyəti müxtəlif nüfuzlu qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. 2022-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman” ilə təltif olunmuş, 2023-cü ildə isə AzEdu.az Təhsil Portalının həyata keçirdiyi “Örnək müəllim” layihəsinin qalibi olmuşdur. Bu uğurlar onun müəllimlik fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən həyata keçirilən TALIS — “Öyrətmə və öyrənmə üzrə Beynəlxalq Sorğu” layihəsində iştirak etmişdir. Həmin il Azərbaycan Respublikası Təhsil İnstitutu və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan “Riyaziyyat dərsliyi (5-ci sinif) əsasında tədrisin təşkili” proqramını uğurla tamamlamışdır. Bundan əlavə, MÜTDA tərəfindən keçirilən “Yaradıcı müəllim, yaradıcı tətbiqetmə” təqdimat müsabiqəsində iştirak etmişdir.

Lamiyə müəllimənin təhsil sahəsindəki səmərəli fəaliyyəti 2025-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə yüksək qiymətləndirilmişdir. Bu mükafat onun uzun illər ərzində göstərdiyi fədakar əməyin, peşəkarlığın və müəllim adına layiq fəaliyyətinin bariz nümunəsidir.

Müasir dövrün çağırışlarına uyğun olaraq Lamiyə müəllimə daim yeni texnologiyaları və innovativ yanaşmaları öyrənməyə xüsusi önəm verir. 2026-cı ildə ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkil etdiyi “Süni intellekt” təlimində iştirak etmiş, həmçinin III Milli Təhsil Zirvəsində “Təhsildə Rəqəmsal Transformasiyalar” mövzusunda keçirilən tədbirə qatılmışdır. Bu da onun müasir təhsil sistemində yeniliklərə açıq, inkişaf yönümlü və daim öyrənən müəllimlərdən biri olduğunu göstərir.

Bu gün də Lamiyə müəllimə öz peşəsinə ilk günkü sevgi və məsuliyyətlə yanaşır, biliyini və təcrübəsini böyük həvəslə gənc nəslə ötürür. O, müəllimlik peşəsinin müqəddəsliyini qoruyan, fəaliyyəti və şəxsiyyəti ilə ətrafına nümunə olan dəyərli pedaqoqlardandır. Şagirdlərinin qəlbində sevgi və hörmət qazanan belə müəllimlər cəmiyyətin ən böyük mənəvi sərvətlərindəndir. Çünki əsl müəllim yalnız sinif otağında deyil, yetişdirdiyi insanların yaddaşında və taleyində yaşayır.

Lamiyə müəllimənin zəngin pedaqoji fəaliyyəti, müəllimlik peşəsinə olan sonsuz sevgisi və təhsil sahəsində qazandığı uğurlar onun necə dəyərli pedaqoq olduğunu bir daha göstərir. Onun müəllimlik yolu, həyata baxışı, şagirdlərlə münasibəti və təhsil haqqında düşüncələri ilə daha yaxından tanış olmaq üçün söhbətimizi müsahibə formatında davam etdiririk.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-Mən, Əfəndiyeva Lamiyə Əfəndi qızı, artıq 30 ildir riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Hazırda A. Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə çalışıram. Pedaqoji fəaliyyətimdə əsas məqsədim şagirdlərə yalnız düstur və qaydaları öyrətmək deyil, onlarda düşünməyi, analiz etməyi və problemə müxtəlif tərəflərdən yanaşmağı formalaşdırmaqdır. Mənim üçün ən böyük uğur isə yüzlərlə şagirdin riyaziyyata “qorxulu dərs” kimi deyil, “məntiq oyunu” kimi yanaşmasına nail olmaqdır.

-Niyə məhz müəllim olmaq istədiniz?

-Müəllim olmaq uşaqlıq arzum idi. Anam mənim təhsil aldığım məktəbdə kimya müəllimi işləyirdi və çox savadlı pedaqoq idi. Mən hər zaman ona böyük heyranlıqla baxırdım. Şagirdlərinin ona olan hörmətini, dərsə sevgi ilə yanaşmasını gördükcə özümə söz vermişdim ki, böyüyəndə mən də müəllim olacağam. Düşünürəm ki, müəllimlik sevgisi mənə ailədən keçib.

-Sizə təsir edən müəllim tövsiyəsi hansıdır?

-Universitet müəllimim bir dəfə demişdi: “Sən riyaziyyat öyrətmirsən, beyin işlətməyi öyrədirsən. Şagird sual vermirsə, deməli dərs keçməmisən.” Bu fikir illərdir mənim pedaqoji fəaliyyətimin əsas prinsiplərindən birinə çevrilib. Hər dərsdən əvvəl özümə sual verirəm: “Bu gün şagirdlər məndən nə soruşacaq?” Mənim üçün ən vacib məqam uşağın düşünməsi və sual verməsidir.

-Yaxşı müəllim necə olmalıdır?

-Məncə, yaxşı müəllim üç vacib keyfiyyətə sahib olmalıdır: səbir, ədalət və sevgi. Fənni bilmək əlbəttə vacibdir, amma təkcə bununla yaxşı müəllim olmaq mümkün deyil. Şagirdin gözündəki “başa düşmədim” ifadəsini görüb eyni mövzunu beşinci dəfə başqa formada izah edən insan əsl müəllimdir. Özümə gəlincə, ideal müəllim olduğumu deməzdim, amma hər gün daha yaxşı müəllim olmaq üçün çalışıram. Şagirdlərim məni “yaxşı müəllim” kimi xatırlayırsa, deməli doğru yoldayam.

-Sizi ən çox qürurlandıran uğur hansıdır?

-Olimpiadalarda və müxtəlif müsabiqələrdə uğur qazanan şagirdlərim çox olub. Amma məni ən çox qürurlandıran məqam şagirdlərdən aldığım bir cümlədir: “Müəllim, mən riyaziyyatdan qorxurdum, sizə görə bu fənni sevdim.” Mənim üçün bundan böyük uğur yoxdur.

-Riyaziyyatın həyatımızdakı rolu nədən ibarətdir?

-Riyaziyyat elmlərin şahıdır, həyatın isə qrammatikasıdır. İnsan gündəlik həyatda marketdə hesab aparmaqdan tutmuş dövlət büdcəsini anlamağa qədər hər sahədə məntiqdən istifadə edir. Riyaziyyat uşağa “Niyə belədir?” sualını verməyi öyrədir. Bu sualı verməyi bacaran insan gələcəkdə daha düşüncəli, daha diqqətli olur və həyatda qarşılaşdığı problemlərə düzgün yanaşmağı öyrənir.

-Şagirdlərdə riyaziyyata marağı necə artırırsınız?

-Mən çalışıram ki, mövzuları real həyatla əlaqələndirim. Məsələn, “faiz” mövzusunu kredit və depozit nümunələri ilə, həndəsəni isə ev tikintisi ilə izah edirəm. Bundan əlavə, oyunlaşdırma metodundan istifadə edir, Kahoot yarışları və məntiq müsabiqələri təşkil edirəm. Riyaziyyatın tarixindən maraqlı faktlar danışanda uşaqların marağı daha da artır. Məsələn, “Bu düsturu min il əvvəl Əl-Xarəzmi tapıb” deyəndə onların gözləri parıldayır. Şagirdlərin özlərinin məsələ qurması isə onlara xüsusi motivasiya verir.

-Şagirdlərin ən çətinlik çəkdiyi mövzular hansılardır?

-Adətən şagirdlər mətn məsələlərində, triqonometriyada və məsələ qurmaqda daha çox çətinlik çəkirlər. Çünki burada əzbərləmək yox, düşünmək və məntiq yürütmək lazımdır. Mən dərslərdə “addım-addım” metodundan istifadə edirəm: əvvəlcə şəkil çəkirik, verilənləri qeyd edirik, sonra isə nə soruşulduğunu müəyyənləşdiririk. Şagirdlərə hər zaman deyirəm ki, səhv etməkdən qorxmasınlar. Çünki səhv öyrənməyin vacib hissəsidir.

-Müasir texnologiyalardan dərslərdə necə istifadə edirsiniz?

-Müasir texnologiyalar dərsləri daha maraqlı və anlaşıqlı edir. GeoGebra proqramı vasitəsilə qrafikləri canlandırır, Canva ilə düstur kartları hazırlayırıq. YouTube üzərindən qısa izahlı videolar izləyib müzakirələr aparırıq. Amma düşünürəm ki, ən əsas texnologiya yenə də müəllimin izahı və şagirdin diqqətli baxışıdır.

-Şagirdlərə ən vacib tövsiyəniz nə olardı?

-Şagirdlərə ilk növbədə demək istəyirəm ki, sual verməkdən utanmasınlar. Səhv etmək zəiflik deyil, öyrənməyin bir hissəsidir. Həmçinin çalışsınlar ki, telefondan bir qədər uzaqlaşıb daha çox kitab oxusunlar. Çünki kitab insanın düşüncəsini inkişaf etdirir və beynin ən yaxşı məşqidir.

-Müəllim–şagird–valideyn əməkdaşlığını necə qiymətləndirirsiniz?

-Məncə, müəllim, şagird və valideyn münasibəti üçbucaq kimidir — tərəflərdən biri zəif olsa, təhsil sistemi də tam olmur. Valideyn evdə müəllimə hörmətlə yanaşanda şagird də məktəbdə daha məsuliyyətli olur. Mən çalışıram ki, valideynlərlə yalnız mesajlaşma vasitəsilə deyil, üz-üzə görüşlər vasitəsilə də daim əlaqədə olum.

-Yaddaşınızda xüsusi iz qoyan şagird olubmu?

-Bəli, belə şagirdlər çox olub. Xüsusilə bir şagirdimi heç vaxt unutmuram. Atasını itirmişdi, anası isə xadimə işləyirdi. Dərslərdən sonra qalır, əlavə məşğul olurduq. Böyük əzmkarlıq göstərdi və qəbul imtahanında 650-dən yuxarı bal topladı. Hazırda Almaniyada mühəndis kimi çalışır. Hər bayram zəng edib hal-əhval tutur. Müəllim üçün bundan böyük xoşbəxtlik yoxdur.

-Gənclərdə hansı keyfiyyətləri görmək istərdiniz?

-Mən gənclərdə ilk növbədə zəhmətkeşlik görmək istəyərdim. Həyatda uğur qazanmaq üçün səbir və əziyyət lazımdır. Bundan başqa, hörmət hissi çox vacibdir — müəllimə, valideynə və fərqli düşünən insanlara hörmət etməyi bacarmaq lazımdır. Ən önəmli keyfiyyətlərdən biri də mərhəmətdir. Güclü olmaq başqasını əzmək deyil, ehtiyacı olanın əlindən tutmaqdır.

-Azərbaycan təhsilinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Son illərdə təhsil sahəsində müəyyən inkişaflar müşahidə olunur. Yeni məktəblərin tikilməsi, STEAM layihələri və sertifikasiya prosesi bunun nümunəsidir. Amma kənd və şəhər məktəbləri arasında fərqlər, həmçinin sənədləşmə və kağız işlərinin çoxluğu hələ də müəyyən problemlər yaradır. Məncə, müəllimin nüfuzu daha da yüksəlsə və ən savadlı gənclər bu sahəyə gəlsə, Azərbaycan təhsili daha sürətlə inkişaf edəcək.

-Gələcək planlarınız nələrdir?

-Gələcəkdə “0-dan riyaziyyat” adlı YouTube kanalımı daha da inkişaf etdirmək istəyirəm ki, kənddə yaşayan uşaqlar da keyfiyyətli təhsilə rahat şəkildə çıxış əldə etsinlər. Bundan əlavə, şagirdlər üçün məntiq dərsləri təşkil etmək və öz metodik vəsaitimi çap etdirmək əsas məqsədlərimdəndir.

-Necə xatırlanmaq istərdiniz?

-İstəyərdim ki, şagirdlərim illər sonra məni belə xatırlasınlar: “Bu müəllim bizə yalnız riyaziyyatı deyil, zəhmətkeşliyi, insanlığı və mərhəmətli olmağı da öyrətdi.” Mənim üçün ən vacib olan adımın deyil, qoyduğum izin yadda qalmasıdır.

Söhbətimizin sonuna yaxınlaşdıqca bir daha aydın olur ki, Lamiyə müəllimə üçün müəllimlik sadəcə bir peşə deyil, ömrünün mənasına çevrilmiş müqəddəs və şərəfli bir həyat yoludur.  O, şagirdlərinə yalnız riyaziyyatın düstur və qaydalarını öyrətmir, eyni zamanda onlarda düşünməyi, analiz etməyi, çətinliklər qarşısında düzgün qərar verməyi və həyata məntiqlə yanaşmağı formalaşdırır. Lamiyə müəllimənin dərslərində riyaziyyat sadəcə bir fənn deyil, düşüncə və inkişaf məktəbinə çevrilir. O, hər bir şagirdə fərdi yanaşaraq onların potensialını üzə çıxarmağa, özünəinam hissini gücləndirməyə və elmə maraq oyatmağa çalışır. Məhz buna görə onun yetirmələri müəllimlərini yalnız öyrədən insan kimi deyil, həyat yolunda onlara işıq tutan mənəvi dayaq kimi xatırlayırlar.

Sizə gələcək fəaliyyətinizdə möhkəm can sağlığı, tükənməz enerji, yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq. Arzu edirik ki, yetişdirdiyiniz hər bir şagird ölkəmizin gələcəyinə işıq saçan savadlı, vətənpərvər və dəyərli insanlar kimi formalaşsın.