03 iyun 2026 12:46
216

“SÜLH RƏMZİ UŞAQLAR” Nizami muzeyində

2 İyunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dünya uşaqlarının müdafiəsi gününə həsr olunmuş inklüziv, ədəbi-musiqili tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki,  Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə respublika məktəbliləri ilə yanaşı ölkəmizdə təhsil alan əcnəbi şagirdlər, o cümlədən, sağlamlıq imkanları məhdud uşaqlar üçün olan 3 və 5 saylı Respublika xüsusi internat məktəblərinin yetirmələri də iştirak ediblər.

“Sülh rəmzi uşaqlar” adlı ədəbi-musiqili tədbiri giriş nitqi ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onlara sağlam həyat, xoş, firavan günlər arzulayıb. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi əhəmiyyətindən danışan direktor uşaqların hüquqlarının qorunmasının cəmiyyətin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. Alim uşaqlara qayğının, diqqətin, onlara parlaq gələcək bəxş edilməsinin ilk şərtinin yüksək təhsil və elmlərə yiyələnmək olduğunu bildirib.

Akademik Rafael Hüseynov  istedadlı uşaqların inkişafına dəstək verilməsinin zəruriliyini qeyd edərək, ölkəmizdə uşaqlar üçün yaradılan şəraitdən, onların azad və təhlükəsiz yaşamaları, təhsil almaları, inkişaf etmələri və mütəxəssis kimi formalaşmaları istiqamətində həyata keçirilən dövlət layihələrindən danışıb. Vurğulanıb ki, uşaqlar cəmiyyətin gələcəyi hesab olunurlar və onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələri üçün müxtəlif qanunlar, proqramlar və sosial layihələr həyata keçirilir.

O, dahi mütəfəkkir Nizami Gəncəvinin "Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz" sözlərini sitat gətirərək, uşaqlara təhsilli, bilikli, savadlı olmağı tövsiyə edib.

Daha sonra tədbirin aparıcısı, muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuran Bağırova gənc istedadları səhnəyə dəvət edib.

İnklüziv, ədəbi-musiqili tədbir, şagirdlər tərəfindən vokal sənəti, violin, qarmon, tar kimi musiqi alətlərində ifalar, Azərbaycan, rus, Ukrayna, italyan, çin, urdu, türk dillərində  dünya ədəbiyyatından şeir parçalarının səslənməsi və s. ilə zəngin olub. Tədbirdə, əsasən, “dünyaya sülh, barış” çağırışlı şeir nümunələri səslənmiş, vətənpərvərlik mövzusunda mahnılar ifa olunmuşdur.

Tədbirdə, həmçinin, gənc rəssamların sülhü, barış və əmin-amanlığı tərənnüm edən rəsm əsərlərindən geniş sərgi də təşkil olunmuşdur.

 “Sülh rəmzi uşaqlar”ın gənc istedadları kimi Tofiq Quliyev adına 12 nömrəli məktəbin, 153 saylı tam orta məktəbin, Avropa-Azərbaycan məktəbinin, Bakı Türk İlkokulunun, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin, 3 və 5 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün  Respublika Xüsusi İnternat məktəblərinin, Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin, Kürdəmir şəhəri 2 saylı tam orta məktəbinİN   şagirdləri fərqlənmişlər.

İştirakçılara muzeyin Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin hazırladığı əl işləri və muzey rəhbərliyi tərəfindən Fəxri Fərmanlar təqdim olunmuşdur.