09 iyun 2026 21:06
128

Ağsuda “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

İyunun 9-da “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ağsu şəhər 4 saylı tam orta məktəbdə 15 İyun “Milli Qurtuluş Gününə” həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının məsləhətçisi Alim Hüseynov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Seyran Dəmirov və Ağsu şəhər 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə ilk öncə müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şirin canlarından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər bildiriblər ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Vurğulanıb ki, ata vəsiyyətini ləyaqətlə yerinə yetirərək torpaqlarımızı düşmən işğalından azad edən Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Qeyd ediblər ki, Prezident cənab İlham Əliyev öz uğurlu siyasəti ilə bu gün ölkəmizi dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib.