2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir dövrün ən mühüm siyasi sənədlərindən biri kimi tarixə düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd iki qardaş ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin hüquqi əsaslarını müəyyən etməmiş, həm də regionun gələcək inkişafı, təhlükəsizliyi və əməkdaşlıq perspektivləri baxımından mühüm strateji əhəmiyyət kəsb etmişdir.
Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanması mərasimində çıxışı zamanı xüsusi olaraq vurğulamışdır: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
Dövlət başçısının bu fikirləri Şuşa Bəyannaməsinin tarixi köklərə söykəndiyini və Azərbaycan-Türkiyə münasibətlərinin əsrlər boyu formalaşmış dostluq, qardaşlıq və qarşılıqlı dəstək ənənələrinin davamı olduğunu bir daha nümayiş etdirir. Tarixi Qars müqaviləsi ilə Şuşa Bəyannaməsi arasında yaradılan siyasi və mənəvi əlaqə iki dövlətin keçmişdən gələcəyə uzanan strateji yolunu ifadə edir.
1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi regionda sülhün və sabitliyin təmin olunmasına xidmət edən mühüm beynəlxalq sənəd olmuşdur. Həmin müqavilə Türkiyənin və Cənubi Qafqaz respublikalarının gələcək münasibətlərinin hüquqi əsaslarını müəyyənləşdirmişdir. Bir əsr sonra Şuşa şəhərində imzalanan Bəyannamə isə dəyişən geosiyasi şəraitdə Azərbaycan və Türkiyənin ortaq maraqlarını, təhlükəsizlik məsələlərini və strateji əməkdaşlıq istiqamətlərini müəyyən edən yeni bir mərhələnin başlanğıcı olmuşdur.
Şuşa Bəyannaməsinin məhz Qarabağın incisi olan Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Şuşa şəhəri Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutur. Uzun illər işğal altında qalan şəhərin 2020-ci ildə Vətən müharibəsi nəticəsində azad olunması Azərbaycanın gücünü, xalqımızın iradəsini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirmişdir. Azad edilmiş Şuşada imzalanan müttəfiqlik sənədi həm Azərbaycanın tarixi ədaləti bərpa etməsinin, həm də regionda yeni siyasi reallıqlar yaratmasının göstəricisidir.
Şuşa Bəyannaməsinin əsas mahiyyəti Azərbaycan və Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsindən ibarətdir. Sənəd siyasi dialoqun dərinləşdirilməsi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir.
Bəyannamədə öz əksini tapan əsas məsələlərdən biri də qarşılıqlı təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasıdır. Sənədə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid yaranarsa, iki dövlət birgə məsləhətləşmələr aparacaq və qarşılıqlı dəstək göstərəcəkdir. Bu müddəa Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını və gələcəkdə də bu əməkdaşlığın davamlı olacağını təsdiqləyir.
Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Türkiyə bu gün regionun ən böyük iqtisadi tərəfdaşları sırasında yer alır. Enerji, nəqliyyat, logistika, sənaye və investisiya sahələrində həyata keçirilən layihələr hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfələr verir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP layihəsi və Bakı–Tbilisi–Qars dəmir yolu xətti Azərbaycan-Türkiyə əməkdaşlığının uğurlu nümunələri kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsi bu layihələrin davamlılığını təmin etməklə yanaşı, yeni iqtisadi təşəbbüslərin reallaşdırılması üçün də geniş imkanlar açmışdır. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi Azərbaycan ilə Türkiyə arasında birbaşa quru əlaqəsinin yaranmasına, regional nəqliyyat imkanlarının genişlənməsinə və Türk dünyasının inteqrasiyasına mühüm töhfə verəcəkdir.
Sənədin digər mühüm cəhəti Türk dünyasının birliyinə verdiyi töhfədir. Azərbaycan və Türkiyə ortaq tarixə, dilə və mədəniyyətə malik iki qardaş dövlətdir. Şuşa Bəyannaməsi bu birliyi daha da gücləndirərək Türk dövlətləri arasında əməkdaşlığın inkişafına yeni stimul vermişdir. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən layihələrdə Azərbaycan və Türkiyənin aparıcı rolu məhz həmin strateji baxışın nəticəsidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsi gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən mühüm yol xəritəsidir. Bu sənəd Azərbaycan və Türkiyənin qarşıdakı illərdə siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə daha sıx əməkdaşlıq edəcəyini göstərir. Eyni zamanda Bəyannamə regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm strateji sənəd kimi çıxış edir. Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinin yüzillik ənənələrinin müasir dövrdə davamı olmaqla Azərbaycan-Türkiyə qardaşlığının ən yüksək siyasi ifadəsinə çevrilmişdir. Azad Şuşada imzalanan bu sənəd iki dövlətin ortaq maraqlarını, ortaq gələcəyini və ortaq inkişaf strategiyasını özündə əks etdirir. Şuşa Bəyannaməsi yalnız bugünkü əməkdaşlığın deyil, həm də gələcək nəsillər üçün möhkəm təməl üzərində qurulan strateji tərəfdaşlığın və müttəfiqliyin parlaq nümunəsidir.
Nəbi Sadıqov,
YAP Xətai rayon təşkilatının fəalı