31 iyul 2026 19:14
112

Uşaq qidalarının tərkibi nə qədər təhlükəsizdir?

10 məhsuldan 8-i yüksək dərəcədə emal olunub

ABŞ-da aparılan araşdırma azyaşlı uşaqlar üçün satılan qida məhsullarının tərkibi ilə bağlı ciddi suallar yaradıb. Texas ştatının Ostin şəhərində 21 mağazada satışa çıxarılan 6-36 aylıq uşaqlar üçün nəzərdə tutulmuş 2 783 məhsul araşdırılıb. Məlum olub ki, onların 80 faizindən çoxu yüksək dərəcədə emal olunmuş qidalardır.

Araşdırmaya görə, məhsulların demək olar ki, yarısı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaqlar üçün müəyyən etdiyi qidalanma meyarlarından ən azı birinə cavab vermir. Tədqiqatçılar məhsulların tərkibini şəkər, duz, doymuş və doymamış yağ, kalori və qida əlavələri baxımından təhlil ediblər. Nəticələr bəzi məhsullarda şəkər və natriumun, yəni duzun miqdarının yüksək olduğunu göstərib.

Araşdırmanın müəllifi, Los-Anceles Uşaq Xəstəxanasının Pediatriya şöbəsinin tədqiqatçısı Erin Hudson bildirib ki, valideynlərin mağazada məhsulun yalnız görünüşünə əsasən onun qida dəyərini müəyyənləşdirməsi mümkün deyil.

ÜST-ün qidalanma və marketinq meyarlarına əsasən, 6-36 aylıq uşaqlar üçün nəzərdə tutulan kommersiya qidalarında əlavə şəkər, süni dadlandırıcılar və konsentratlaşdırılmış meyvə şirəsi olmamalıdır. Doymuş yağ və natriumun miqdarı da məhdudlaşdırılmalıdır.

Araşdırmada ÜST-ün şəkərlə bağlı meyarlarına cavab verməyən məhsulların yüksək dərəcədə emal olunmuş qida olma ehtimalının digər məhsullarla müqayisədə dörd dəfə çox olduğu müəyyən edilib. Məhsulların təxminən dörddə birində natriumun tövsiyə olunan səviyyədən yüksək olduğu aşkarlanıb. Bəzi qidalarda isə yağ və kalori miqdarının yüksək olduğu müəyyənləşdirilib. Tədqiqatçılar bu məhsullar arasında üzvi qidaların da olduğunu bildiriblər. Xüsusilə meyvə püresi paketləri və yulaf batonlarında şəkərin, hazır makaron və hinduşka kolbasalarında isə duz və yağın yüksək olduğu qeyd edilib. Fıstıq əzməsi ilə hazırlanan bəzi qəlyanaltıların da yüksək miqdarda duz, yağ və kalori ehtiva etdiyi müəyyənləşdirilib.

Mütəxəssislər problemin yalnız məhsulların tərkibindəki şəkər, duz və yağla məhdudlaşmadığını bildirirlər. Yüksək dərəcədə emal olunmuş qidaların uşağın gündəlik rasionunda tərəvəz, meyvə, paxlalılar və tam taxıl məhsulları kimi daha faydalı qidaları əvəz etməsi də narahatlıq doğurur.

Amerika Pediatriya Akademiyasına görə, uşağın həyatının ilk 1000 günü beynin inkişafı və gələcəyin sağlamlığı baxımından mühüm mərhələdir. Bu dövrdə formalaşan qidalanma vərdişlərinin sonrakı yaşlara da təsir göstərə biləcəyi bildirilir. Bu baxımdan mütəxəssislər erkən yaşlarda həddindən artıq şirin və yüksək dərəcədə emal olunmuş qidaların qəbulunun uşağın dad seçimlərinin formalaşmasına təsir göstərə biləcəyini vurğulayırlar.

Qida əlavələri də diqqət çəkir

Texas Universitetinin qidalanma elmləri üzrə dosenti Marissa Burgermaster isə uşağın bərk qida qəbul edə bildiyi mərhələdən sonra valideynlərin yalnız uşaqlar üçün xüsusi olaraq qablaşdırılmış məhsullara üstünlük verməsinin vacib olmadığını bildirib. Onun sözlərinə görə, yaşa uyğun hazırlanmaqla ailənin qəbul etdiyi sağlam qidalar da uşağın qida rasionuna daxil edilə bilər.

Tədqiqatçılar məhsulları emal səviyyəsinə görə “NOVA” təsnifat sistemi əsasında qruplaşdırıblar. Bu sistemdə yüksək dərəcədə emal olunmuş qidalar təbii məhsullarda adətən rast gəlinməyən müxtəlif əlavələrin, konservantların, emulqatorların, süni rəng və dadlandırıcıların, eləcə də yüksək miqdarda şəkər, duz və yağın istifadəsi ilə xarakterizə olunur. Daha əvvəl aparılmış başqa bir araşdırmada isə körpə və uşaq qidalarının 70 faizindən çoxunda bağırsaq mikrobiomuna və iltihabi proseslərə təsir göstərə biləcək qida əlavələrinin olduğu müəyyən edilmişdi.

Şimali Karolina Universitetinin qidalanma üzrə mütəxəssisi Elizabet Dunford bəzi məhsullarda tərkib siyahısının ilk sıralarında meyvə və tərəvəz əvəzinə qida əlavələrinin yer aldığını bildirib.

Valideynlərə etiketləri yoxlamaq tövsiyə olunur

Mütəxəssislər valideynlərə məhsulun üzərindəki “uşaqlar üçün”, “100 faiz meyvə” kimi ifadələrə yalnız reklam məlumatı kimi yanaşmağı və əsas diqqəti tərkib siyahısına yönəltməyi məsləhət görürlər. Onların fikrincə, meyvə püresi və ya uşaq qəlyanaltısı kimi təqdim olunan məhsullarda belə yüksək miqdarda şəkər, duz və müxtəlif qida əlavələri ola bilər.

Valideynlərə mümkün qədər təzə və az emal olunmuş qidalara üstünlük vermək, meyvə şirələri əvəzinə bütöv və ya doğranmış meyvələr vermək, uşaqların rasionuna tərəvəz, paxlalılar, tam taxıllar və keyfiyyətli zülal mənbələri daxil etmək tövsiyə olunur.

Araşdırmanın nəticələri uşaqlar üçün nəzərdə tutulan məhsulların üzərindəki marketinq mesajlarının onların həqiqi qida dəyərləri barədə hər zaman tam təsəvvür yaratmadığını göstərir. Bu isə xüsusilə erkən yaşlarda uşaqların qidalanması ilə bağlı daha aydın etiketləmə və daha sərt qida standartlarına ehtiyac məsələsini gündəmə gətirir.

Şahnigar Əhmədova, “İki sahil”