Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunmuş 15 İyun – Milli Qurtuluş Günü müasir müstəqil Azərbaycan dövlətçiliyinin xilası, sabitlik və inkişaf yoluna qədəm qoymasının başlanğıcı kimi tariximizə əbədi yazılıb.
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
Bu günün mahiyyəti həm də xalqın iradəsinin, milli birlik və həmrəyliyin, azadlıq və müstəqillik uğrunda səfərbərliyinin rəmzidir. Zaman ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycanın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı və gördüyü böyük işlər xalqımızın qəlbində əbədi yaşayacaq. Çünki onun müdrikliyi, siyasi uzaqgörənliyi və xalqına olan sonsuz sevgisi sayəsində Azərbaycan dağılmaqdan xilas oldu, dünya birliyində layiqli yerini tutdu. Bu gün təkcə keçmişin xatırlanması deyil, həm də gələcəyə inamla baxmaq günüdür.
1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ciddi təhlükə altında idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi xaos, iqtisadi tənəzzül, vətəndaş qarşıdurmaları hökm sürür, dövlət təsisatları fəaliyyətini itirmiş, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.
Belə bir böhranlı dövrdə xalqın israrlı tələbi ilə 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun hakimiyyətə dönüşü Azərbaycanı yalnız xaosdan xilas etmədi, həm də ölkənin gələcək inkişafı üçün möhkəm təməllər yaratdı. Dahi Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, qanunçuluq və hüquq qaydaları bərpa olundu, iqtisadi islahatlara start verildi, beynəlxalq əməkdaşlıq əlaqələri quruldu. Bu səbəbdən 15 iyun tarixi yalnız bir liderin qayıdışı deyil, bütöv bir xalqın dirçəlişidir və bu gün haqlı olaraq xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi böyük qürurla qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin təməl prinsiplərindən ən mühüm olanı ölkədə sabitliyin təmin olunması idi. O deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Tarix bir daha Ulu Öndərin haqlı olduğunu sübut etdi! Məhz onun zəngin siyasi təcrübəsinin və dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını təmin edən əsas amillərdir.
Bir məsələni də unutmaq olmaz ki, müstəqilliyə nail olmuş digər postsovet respublikalarından fərqli olaraq 1991-1993-cü illərdə Azərbaycan Respublikası iqtisadi böhranla yanaşı, siyasi böhranla da üzləşmişdi. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə dövləti dərin böhran vəziyyətinə salmışdı. Bu daxili amillərlə yanaşı, Azərbaycan Respublikası həm də geosiyasi mövqeyinə görə dünya dövlətlərinin gərgin mübarizə və maraq obyektinə çevrilmişdi. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycanın zəngin neft ehtiyatları idi. XIX əsrin ikinci yarısından etibarən xarici şirkətlər Azərbaycanın “qara qızıl”ının əsl qiymətini bilirdilər. Belə bir çətin dövrdə Ulu Öndər Heydər Əliyev təzyiqlərə baxmayaraq, tam sərbəst və bərabərhüquqlu tərəfdaş kimi müqavilənin imzalanmasına nail oldu. Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası” Azərbaycanın öz milli sərvətlərinin sahibinə çevrilməsinin, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkənin 90-cı illərin əvvəllərindəki siyasi, iqtisadi və sosial böhranlardan çıxmasının rəmzidir. Ən əsası isə XXI əsrin astanasında yüksək inkişaf etmiş, güclü və demokratik Azərbaycan dövlətinin yaradılmasıdır. Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı.
1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycan cəmiyyətinin sabitliyə, milli birliyə və əmin-amanlığa ehtiyacı var idi. Bu zərurətdən doğaraq, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası yaradıldı. Ziyalıların təşəbbüsü və Heydər Əliyevin rəhbərliyi ilə formalaşan bu siyasi təşkilat qısa müddət ərzində xalqın etimadını qazandı və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Yeni Azərbaycan Partiyasının formalaşması bütövlükdə ölkədə siyasi sistemin demokratik əsaslarla qurulmasına, çoxpartiyalı sistemin inkişafına, vətəndaşların ictimai-siyasi proseslərə cəlb olunmasına böyük təkan verdi. Eyni zamanda, bu partiya cəmiyyətin bütün təbəqələrini birləşdirərək, milli ideologiyanın daşıyıcısına və dövlətçilik təfəkkürünün yayılmasında aparıcı rola malik qüvvəyə çevrildi.
Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə xalqın gələcəyinə böyük qayğı ilə yanaşıb, ailənin cəmiyyətdəki rolunu yüksək qiymətləndirib. Onun “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir” fikirləri bu istiqamətdə atılan addımların ideoloji əsasını təşkil edib.
Azərbaycan Respublikasında müstəqillik əldə olunandan sonra cəmiyyətin mühüm təməl prinsiplərindən biri olan ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlı və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan regionda ailə, qadın və uşaq məsələləri üzrə qabaqcıl mövqedə dayanır, müasir və dayanıqlı qanunvericilik bazasına, institusional mexanizmlərə və sosial siyasətə malikdir”.
“Müasir, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımıza və dövlətimizə vəsiyyət etdiyi ən böyük arzu – Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın azad olunması – artıq reallığa çevrilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq Qarabağda tarixi ədaləti bərpa edib. Azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən nəhəng bərpa-quruculuq işləri Azərbaycan dövlətinin və xalqının yenilməz iradəsini və inkişaf potensialını bir daha sübut edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz qurub-yaradan xalqıq və azad Qarabağda həyat yenidən canlanır.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı, vətəndaş cəmiyyətinin banisi kimi özündən sonra qoyduğu böyük siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın regional lider kimi mövqeləri daha da möhkəmlənir, qlobal miqyasda nüfuzu artır. Ümummilli Liderin müəyyən etdiyi strategiya ölkəmizi sabitlik, inkişaf və tərəqqi yolunda inamla irəli aparır. Dövlətimizin sosial-iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, ordu quruculuğu sahəsində qazandığı uğurlar məhz 15 iyunda başlayan siyasi iradənin nəticəsidir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var. Dövlətimizin başçısının bilavasitə nəzarəti ilə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsi Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl guşələrindən birinə çevirəcək və bu, tariximizə daha bir uğur səhifəsi kimi yazılacaq.
Göründüyü kimi, Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri