12 iyun 2026 14:53
85

AMEA Naxçıvan Bölməsində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və xilası yolundakı misilsiz xidmətlərindən danışıb. Akademik vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni anarxiyadan, vətəndaş müharibəsindən və parçalanmaq təhlükəsindən xilas edib. Ulu Öndərin Bakıya dəvət edilərək Ali Sovetin sədri seçilməsi dövlətçiliyin möhkəmlənməsində həlledici rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində, o cümlədən beynəlxalq münasibətlərdə əsaslı dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi uğurla həyata keçirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun tarixi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı şərəfinə rəsmi olaraq “Azərbaycan Xalqının Milli Qurtuluş Günü” elan edilib. 

Akademik onu da bildirib ki, Ümummilli Lider ölkə həyatının bütün sahələri kimi elmin inkişafının strateji istiqamətlərini müəyyənləşdirib. Görkəmli dövlət xadiminin 2002-ci il avqustun 7-də “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında” tarixi Sərəncamı, həmin il AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə iştirakı onun elmə, elm adamlarına göstərdiyi xüsusi diqqətin bariz ifadəsi idi. 
İsmayıl Hacıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin bu siyasətin zirvəsini təşkil etdiyini deyən akademik bu gün Azərbaycanın müstəqilliyini qorumağın və inkişafına töhfə verməyin hər bir vətəndaşın borcu olduğunu diqqətə çatdırıb. 

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Ulu Öndər Heydər Əliyev və Milli Qurtuluş tariximiz” mövzusunda məruzə edib. Məruzədə Milli Qurtuluş tariximizin xronikası geniş təhlil edilib, Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan başlayan xilaskarlıq missiyası, milli dirçəliş prosesində atdığı cəsarətli addımlar, xalqımızın dövlətçilik və inkişaf salnaməsində Milli Qurtuluş günün müstəsna əhəmiyyətindən danışılıb. 

Qeyd edilib ki, Ulu Öndər müdrik siyasəti, zəngin təcrübəsi, biliyi, xalqa sədaqəti ilə məhz böyük zəhmət hesabına müstəqilliyimizi qoruyub saxlayıb və inkişaf etdirib. Görkəmli dövlət xadiminin elm adamlarına göstərdiyi xüsusi qayğı və milli elmi kadrların formalaşması istiqamətində atdığı addımlar bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Tədbirə Akademik İsmayıl Hacıyev yekun vurub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti