12 iyun 2026 15:55
157

Şuşa Bəyannaməsi: qarşılıqlı etimad, ortaq maraqlar və strateji tərəfdaşlıq

2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni mərhələnin əsasını qoydu. Şanlı Zəfərdən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu sənəd iki dövlət arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirərək, bütün türk dünyasına birlik və həmrəylik mesajı verdi.

Bəyannamənin məhz Şuşada imzalanması xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Şuşa Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutan şəhər olmaqla yanaşı, Vətən müharibəsində əldə edilmiş Qələbənin rəmzidir. Bu sənəd Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni reallıqların təsdiqi oldu.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” prinsipi uzun illər Azərbaycan-Türkiyə münasibətlərinin əsas fəlsəfəsini təşkil edib. Şuşa Bəyannaməsi isə bu prinsipin hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirilməsini təmin etdi. Sənəd qardaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdi. Şuşa Bəyannaməsi ilə iki dövlət arasında əməkdaşlıq yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Sənəd siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji layihələrindən müdafiə sahəsinə qədər geniş istiqamətləri əhatə edir.

Bəyannamənin mühüm istiqamətlərindən biri regional təhlükəsizlik məsələləridir. Sənəd regionda sülhün və sabitliyin qorunmasına xidmət edən mühüm mexanizmlər formalaşdırır. Azərbaycan və Türkiyənin birgə fəaliyyəti bölgədə təhlükəsizliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir. Şuşa Bəyannaməsində müdafiə və hərbi əməkdaşlıq məsələlərinə xüsusi yer ayrılıb. Silahlı qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması, birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi sənədin əsas istiqamətlərindəndir. Bu əməkdaşlıq hər iki dövlətin müdafiə potensialını daha da gücləndirir.

Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında münasibətləri əhatə etmir. Sənəd bütövlükdə türk dünyasının inteqrasiyasına mühüm töhfə verir. Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi və ortaq maraqların müdafiəsi baxımından bu sənəd xüsusi əhəmiyyət daşıyır. Bəyannamə Azərbaycan və Türkiyənin beynəlxalq münasibətlər sistemində daha sıx koordinasiya olunmasını nəzərdə tutur. Tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirmək, regional və qlobal məsələlər üzrə ortaq mövqe nümayiş etdirmək barədə razılığa gəliblər.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələyə yüksəlməsini təmin edir. İki qardaş dövlətin birgə həyata keçirdiyi enerji layihələri yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyaraq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bu əməkdaşlıq enerji resurslarının şaxələndirilməsi, etibarlı enerji təchizatının gücləndirilməsi və regionun geoiqtisadi əhəmiyyətinin artırılması baxımından xüsusi önəm kəsb edir.

Şuşa Bəyannaməsində əksini tapan mühüm məsələlərdən biri Zəngəzur dəhlizidir. Bu layihə türk dünyasının coğrafi baxımdan daha sıx inteqrasiyasına xidmət etməklə yanaşı, Avropa ilə Asiya arasında mühüm nəqliyyat xəttinə çevrilmək potensialına malikdir. Sənəd qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq hər iki dövlətin iqtisadi potensialının artmasına xidmət edir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı dövlətlərarası əməkdaşlığının mühüm istiqamətlərindən biridir.

Şuşa Bəyannaməsi regionda revanşist düşüncələrə sahib olan qüvvələrə ciddi mesajdır. Azərbaycan və Türkiyə təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış edir və regional sabitliyin pozulmasına yönəlmiş cəhdlərə qarşı qətiyyətli mövqe sərgiləyirlər.

Bəyannamənin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfranslar artıq mühüm siyasi platformaya çevrilib. Bu tədbirlər regionun və dünyanın aktual geosiyasi məsələlərinin müzakirə olunduğu nüfuzlu forumlar kimi diqqət çəkir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin beynəlxalq mövqelərinin güclənməsinə mühüm töhfə verir. İki dövlətin birgə həyata keçirdiyi təşəbbüslər onların regional və qlobal proseslərdə təsir imkanlarını artırır. Şuşa Bəyannaməsi yalnız bugünkü əməkdaşlığı deyil, gələcək onilliklər ərzində münasibətlərin inkişaf istiqamətlərini də müəyyən edir. Sənəd qarşılıqlı etimada, ortaq maraqlara və strateji tərəfdaşlığa əsaslanan uzunmüddətli əməkdaşlıq modelini formalaşdırır.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini təşkil edən tarixi sənəddir. Bu sənəd iki qardaş dövlətin birliyinin, həmrəyliyinin və ortaq gələcəyə baxışının parlaq ifadəsidir. Şuşada imzalanan Bəyannamə regionda sülhün, təhlükəsizliyin, iqtisadi tərəqqinin və türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edən mühüm siyasi sənəd kimi tarixdə xüsusi yer tutur.

Nurlan Həsənov,
Milli Məclisin deputatı