14 iyun 2026 16:16
111

Şagird sevgisini müəllimlik fəlsəfəsinə çevirən pedaqoq

Anam Sədaqət xanım da ingilis dili müəllimi olduğuna görə bu peşənin nə qədər məsuliyyətli və eyni zamanda maraqlı olduğunu yaxından görmüşəm

Şəhla Məmmədova: Bu gün müəllim kimi məqsədim şagirdlərə yalnız dili öyrətmək deyil, həm də onlarda öyrənməyə maraq və özünəinam yaratmaqdır

Hər insanın həyatında illər keçsə də unutmadığı müəllimlər olur. Elə müəllimlər ki, onların öyrətdiyi dərslər zamanla unudula bilər, amma göstərdikləri qayğı, aşıladıqları inam və yaratdıqları motivasiya yaddaşlardan silinmir. Çünki əsl müəllim yalnız fənn öyrədən deyil, insan yetişdirən, gələcəyin memarına çevrilən şəxsiyyətdir.

Bu gün sürətlə dəyişən dünyada müəllimlik peşəsinin yükü daha da artıb. Müəllim yalnız bilik mənbəyi deyil, həm də yol göstərən, ruhlandıran, istiqamət verən, bəzən valideyn, bəzən dost, bəzən də ən yaxın sirdaş rolunu oynayır. Məhz buna görə müəllimlərin uğuru onların aldığı diplomlarla deyil, yetişdirdikləri şagirdlərin qazandığı nailiyyətlər və qəlblərdə qoyduqları izlə ölçülür.

23 illik pedaqoji fəaliyyət yolu ərzində yüzlərlə şagirdin həyatına toxunan, onların uğurlarına sevinən, çətinliklərinə dəstək olan Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Şəhla Məmmədova da məhz belə müəllimlərdəndir.

Onun sinfində ingilis dili sadəcə qaydalar, söz ehtiyatı və qrammatika demək deyil. Bu dərslər şagirdlər üçün özünüifadə, yaradıcılıq, ünsiyyət və dünyanı daha yaxından tanımaq imkanına çevrilir. Şəhla müəllimin rəhbərliyi ilə şagirdlər beynəlxalq olimpiadalarda iştirak edir, müxtəlif layihələr hazırlayır, səhnəciklər nümayiş etdirir, qısametrajlı filmlər çəkir, uğurları ilə ölkəmizi beynəlxalq platformalarda layiqincə təmsil edirlər.

Ancaq müəllimin qazandığı ən böyük mükafat medallar, diplomlar və sertifikatlar deyil. Onun ən böyük qazancı şagirdlərinin sevgisidir. Elə sevgi ki, bir şagird onun adını telefonunda “My Second Mum” – “Mənim ikinci anam” kimi qeyd edir, başqa bir şagird illər sonra belə müəllimini unutmur, uğurlarına hamıdan çox sevinir, onu çiçəklə qarşılayır. Bütün bunlar müəllim əməyinin ən ali qiymətidir.

Şəhla Məmmədova ilə söhbətimizdə müəllimlik peşəsinə gətirən yoldan, ilk dərs gününün həyəcanından, ingilis dilinin müasir dünyadakı əhəmiyyətindən, yaddaşında iz qoyan şagirdlərdən və gələcək planlarından danışdıq. Səmimi və maraqlı müsahibəni oxucularımıza təqdim edirik.

23 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, 23 illik pedaqoji fəaliyyətə malik Şəhla Məmmədova ilə söhbətimizə onun müəllimlik yolunun başlanğıcından başladıq və ilk olaraq bu peşəyə aparan həyat hekayəsindən danışmasını  istədik…

Özünüzü oxucularımıza necə təqdim edərdiniz? İngilis dili müəllimi olmağa aparan yolunuz necə başlayıb?

Mən Şəhla Məmmədova Faiq qızı, ingilis dili müəllimiyəm. İngilis dilinə marağım uşaqlıq illərindən başlayıb. Anam Sədaqət xanım da ingilis dili müəllimi olduğuna görə bu peşənin nə qədər məsuliyyətli və eyni zamanda maraqlı olduğunu yaxından görmüşəm. Onun şagirdləri ilə ünsiyyəti, dərsə olan sevgisi məndə bu sahəyə xüsusi maraq yaradıb. Zaman keçdikcə ingilis dilini öyrənmək və öyrətmək mənim üçün sadəcə bir peşə deyil, həm də bir həvəsə çevrildi. Bu gün müəllim kimi məqsədim şagirdlərə yalnız dili öyrətmək deyil, həm də onlarda öyrənməyə maraq və özünəinam yaratmaqdır. Düşünürəm ki, məni ingilis dili müəllimi olmağa aparan yol ailədən aldığım ilham, dilə olan sevgim və biliklərimi başqaları ilə bölüşmək istəyimlə formalaşıb.

-İlk dərs gününüzü necə xatırlayırsınız?

-İlk dərs günüm çox həyəcanlı idi. İlk dərsimin məktəbimizin ən dəcəl sinfində olduğunu eşidəndə daha da həyəcanlandım. Amma uşaqlara olan sevgim bu həyəcanı yox etdi. Həmin şagirdlərimlə hələ də əlaqəm var. Onlar həmin günü məndən daha yaxşı xatırlayırlar.

-Sizcə, ingilis dili fənni şagirdlərin dünyagörüşünün, ünsiyyət bacarıqlarının və qlobal dünyaya inteqrasiyasının formalaşmasında hansı rolu oynayır?

-İngilis dili bu gün sadəcə bir xarici dil deyil, qlobal ünsiyyət vasitəsidir. Düşünürəm ki, ingilis dilini öyrənən şagirdlər müxtəlif ölkələrin mədəniyyətləri, dəyərləri və düşüncə tərzləri ilə tanış olmaq imkanı qazanırlar ki, bu da onların dünyagörüşünü genişləndirir. Eyni zamanda, dil öyrənmə prosesi şagirdlərin ünsiyyət, dinləmə, təqdimat və tənqidi düşünmə bacarıqlarının inkişafına kömək edir. İngilis dili onlara beynəlxalq təhsil proqramlarından, elmi mənbələrdən və müasir texnologiyalardan daha rahat faydalanmaq imkanı yaradır. Buna görə də hesab edirəm ki, ingilis dili şagirdlərin həm şəxsi inkişafında, həm də qlobal dünyaya inteqrasiyasında mühüm rol oynayır.

-İngilis dili dərslərini şagirdlər üçün daha maraqlı, interaktiv və praktik etmək məqsədilə hansı metodlardan istifadə edirsiniz?

-Dərsləri daha maraqlı və interaktiv etmək üçün müxtəlif fəaliyyətlərdən istifadə edirəm. Şagirdlərimi beynəlxalq ingilis dili olimpiadalarına və müxtəlif bilik yarışlarına cəlb edirəm. Məktəbimizdə hər il ingilis dili üzrə müsabiqələr, ingilis dili gecələri və müxtəlif tədbirlər təşkil edirəm. Bundan əlavə, şagirdlərin dili praktik şəkildə tətbiq etmələri üçün təqdimatlar, səhnəciklər və yaradıcı layihələr həyata keçirirəm. Hətta şagirdlərimlə birlikdə ingilis dilində qısa tədris yönümlü film də çəkmişik. Bu fəaliyyətlər şagirdlərin dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünəinamını və yaradıcılığını da artırır.

-İngilis dilinin tədrisində qrammatika qaydalarının öyrədilməsi daha vacibdir, yoxsa danışıq və ünsiyyət bacarıqlarının inkişafı?

-Düşünürəm ki, qrammatika və danışıq bacarıqları bir-birini tamamlayan amillərdir və hər ikisi vacibdir. Qrammatika dilin əsasını təşkil edir, şagirdlərə fikirlərini düzgün və aydın ifadə etməyə kömək edir. Lakin dilin əsas məqsədi ünsiyyət qurmaqdır. Buna görə də mən dərslərdə qrammatikanın öyrədilməsini danışıq, dinləmə, oxu və yazı fəaliyyətləri ilə əlaqələndirməyə çalışıram. Şagird qaydaları sadəcə əzbərləməməli, onları real ünsiyyətdə tətbiq etməyi bacarmalıdır. Mənim fikrimcə, ən səmərəli yanaşma qrammatika bilikləri ilə praktik dil bacarıqları arasında balans yaratmaqdır.

-Sizcə, əsl müəllim necə olmalıdır? Müəllimi müəllim edən əsas keyfiyyətlər nələrdir?

-Məncə, əsl müəllim ilk öncə sevgi dolu bir insan olmalıdır, motivasiya verən, yaradıcı olmalıdır və təbii ki, ixtisasını yaxşı bilən və səbrli olmalıdır.

-Sizcə, yaxşı ingilis dili müəllimini fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

-Yaxşı ingilis dili müəllimini fərqləndirən əsas xüsusiyyətlər peşəkarlıq, yaradıcılıq və şagirdlərlə düzgün ünsiyyət qurmaq bacarığıdır. Müəllim yalnız dili yaxşı bilməklə kifayətlənməməli, eyni zamanda bu biliyi şagirdlərə maraqlı və anlaşıqlı şəkildə çatdırmağı bacarmalıdır, və öz üzərində daim işləyərək yeniliklərə açıq olmalıdır.

-Xarici dil öyrədərkən milli-mənəvi dəyərlərin qorunması ilə beynəlxalq mədəniyyətlərin tanıdılması arasında tarazlığı necə qorumaq olar?

-Daha öncəki sualda qeyd etdiyim kimi, bu müxtəlif layihələrdə,tədbirlərdə öz əksini tapır. Məsələn, şagirdlərlə birlikdə çəkdiyimiz qısametrajlı "No smoking" filmini " Tütünlə mübarizə günü"nə həsr etmişdik. Daha sonra Üzeyir Hacıbəylinin " Arşın mal alan" operasını da şagirdlərlə səhnələşdirmişik. Belə layihələrdə buna mütləq önəm veririk.

-Müəllimlik peşəsinin ən çətin və ən dəyərli tərəfləri hansılardır?

-Bu peşənin ən dəyərli tərəfi şagirdlərin inkişafına şahid olmaq, onların uğurlarında pay sahibi olmaqdır. Şagirdin əldə etdiyi nailiyyətləri görmək, onun həyatında müsbət iz buraxdığını hiss etmək müəllim üçün ən böyük mənəvi qazancdır. Ən çətin tərəfi isə çox məsuliyyətli peşə olmasıdır.

-Uzun illər ərzində qazandığınız nailiyyətlər və yetirmələrinizin uğurları müəllim kimi fəaliyyətinizə necə təsir edib?

-Uzun illər ərzində qazandığım uğurlar və qarşılaşdığım çətinliklər mənim həm peşəkar, həm də şəxsi inkişafımda mühüm rol oynayıb. Uğurlar mənə öz işimə daha böyük inamla yanaşmağı, daim yeniliklər axtarmağı və irəli getməyi öyrədib. Çətinliklər isə səbirli olmağı, fərqli vəziyyətlərə uyğun həll yolları tapmağı və təcrübədən nəticə çıxarmağı öyrədib. Müəllimlik elə bir peşədir ki, hər uğur da, hər çətinlik də insanı daha da püxtələşdirir. Bu gün əldə etdiyim təcrübə sayəsində şagirdlərimi daha yaxşı anlayır, onların inkişafına daha səmərəli şəkildə dəstək olmağa çalışıram.

-Yaddaşınızda silinməz iz qoyan bir şagird və ya hadisə haqqında danışa bilərsinizmi?

-Yaddaşımda silinməz iz qoyan şagirdlərim çoxdur. Bütün şagirdlərimi çox sevirəm. Bu ilki məzunlarımdan Muhammedali, Röya və Fərzəli adlı şagirdlərimin adını çəkə bilərəm. Bir dəfə çox gec saatlarda tanımadığım bir nömrədən zəng gəldi. (Fərzəli 4cü sinifdə oxuyurdu) Bir qadın "siz kimsiz" deyə sual verdi. Özümüzü təqdim edəndən sonra bəlli oldu ki, Fərzəlinin anasıdır. Övladının kontaktında mənim adımı "My second mum" ( yəni mənim ikinci anam) kimi qeyd etdiyini görüb və yığıb. Mən bunu eşidəndə çox qəribə hisslər keçirdim. Sözlərlə ifadə edə bilməyəcəyim hisslər. Röya, məktəbimizdən ayrılmasına baxmayaraq sertifikasiya imtahanında mən imtahandan çıxanda məni çiçəklə qarşılamağa gəlməsi "Mən inanırdım ki, siz əla yazacaqsız" deməsi. Bir başqa hissdir. O ki, qaldı Muhammedaliyə. O, ən sevimlimdir. Onun mənə dediyi hər cümlə mənim üçün bir xatirədir. Digər şagirdlərim inciməsin. Hamısını çox sevirəm.

-Hansı müəlliminizin şəxsiyyəti, nəsihəti və ya dediyi bir fikir bu gün də sizin üçün yolgöstəricidir, bir növ "qulağınızda sırğa" olaraq qalıb?

-Bu mənim ən sevdiyim sualdır. Haqqında saatlarca danışa biləcəyim müəllimlərim olub. Mən müəllim olmağı müəllimlərimdən öyrənmişəm. Amma onlardan mənə ən yaxın, ən əziz olanı Əməkdar MÜƏLLİM Hokümə müəllimin adını çəkmək istərdim. O artıq dünyasını dəyişib. Allah rəhmət eləsin. O mənim hər zaman doğru yol göstərənim olub. Mən şagirdi sevməyi ondan öyrənmişəm. Mən də bü gün onun mənə olan sevgisini öz şagirdlərimə ötürməyə çalışıram.

-Təcrübəli pedaqoq kimi gənc ingilis dili müəllimlərinə hansı tövsiyələri vermək istərdiniz?

-Mən sadəcə ingilis dili müəllimlərinə deyil, bütün gənc müəllimlərə tövsiyəm budur. Şagirdlərinizi çox sevin. Əgər fənninizi sevərək öyrənmələrini, uğurlar əldə etməklərinizi istəyirsizsə, onları çox sevin.

-Gələcəklə bağlı peşəkar hədəfləriniz və planlarınız nələrdir?

-Mən yeniliklərə açıq bir insanam. Şagirdlərim dəfələrlə beynəlxalq ingilis dili olimpiadalarının qalibi olublar. Keçən il Solmaz adlı şagirdim Amerikada ölkəmizi layiqincə təmsil etdi və qızıl, gümüş medallara sahib olub. Bəşirov Əli dəfələrlə qalib olanlardan biridir. Hətta o keçən il 7ci sinifdə oxumasına baxmayaraq 8ci siniflərlə "Cambridge ingilis dili olimpiadasına qatıldı və 100% nəticə ilə 1ci oldu. İrəlidəki illərdə dünya olimpiadalarında iştirak edəcək şagirdlərimin sayını artırmağı düşünürəm.

-Əgər ingilisdilli ölkələrdən hər hansı birində tədris təcrübəsi keçmək və ya yaşamaq imkanınız olsaydı, hansı ölkəni seçərdiniz və niyə?

-Təbii ki İngiltərəni seçərdim. Çünki, ingilis dilinin beşiyi məhz bu ölkədir. Dili inkişaf etdirmək üçün məncə ən doğru seçim ora ola bilər.

-Şagirdləriniz illər sonra sizi necə xatırlasınlar istərdiniz – sadəcə yaxşı ingilis dili müəllimi kimi, yoxsa onların həyatına təsir edən bir insan kimi?

-    Hər ikisini. Həm yaxşı ingilis dili müəllimi, həm də onların həyatına yaxşı mənada təsir edən biri kimi xatırlanmaq istərdim.

-Son dərs gününüzü necə təsəvvür edir və necə xatırlanmaq istərdiniz?

-Çox təsirləndirici sualdır. Düşünürəm şagirdlərim məni sevgi ilə yola salarlar.

-Müəllimlik fəaliyyətinizə nəzər saldıqda, ən böyük qazancınızın nə olduğunu düşünürsünüz?

-Şagirdlərimin sevgisi və uğuru.

Müəllimlik elə bir peşədir ki, onun nəticələri bu gün deyil, illər sonra görünür. Bir müəllimin söylədiyi söz, aşıladığı dəyər, verdiyi motivasiya və göstərdiyi qayğı zamanla yüzlərlə insanın həyatında öz əksini tapır. Bu baxımdan müəllim ömrü sadəcə yaşanan illərlə deyil, toxunduğu talelərlə, yetişdirdiyi insanlarla və cəmiyyətə qazandırdığı şəxsiyyətlərlə ölçülür.

Şəhla Məmmədovanın 23 illik pedaqoji fəaliyyətinə nəzər saldıqda da məhz belə bir mənzərənin şahidi oluruq. O, uzun illər ərzində yalnız ingilis dilini tədris etməyib, eyni zamanda şagirdlərində elmə, biliyə, mütaliəyə, özünüinkişafa və vətənə bağlılıq hisslərinin formalaşmasına çalışıb. Onun sinfindən keçən şagirdlər bu gün müxtəlif sahələrdə uğur qazanır, ölkəmizi layiqincə təmsil edir, müəllimlərinin onlara aşıladığı dəyərləri yaşadırlar.

Müsahibə boyu Şəhla müəllimin cavablarında bir məqam xüsusi diqqət çəkir – şagird sevgisi. Çünki onun fikrincə, müəllimlik fəaliyyətinin təməlində məhz sevgi dayanır. Şagirdi sevmədən onu başa düşmək, inkişaf etdirmək, uğura həvəsləndirmək və onun qəlbində yer qazanmaq mümkün deyil. Bəlkə də elə buna görədir ki, şagirdləri onu illər keçsə belə unutmur, həyatlarının ən önəmli məqamlarında onu xatırlayır, uğurlarını ilk bölüşmək istədikləri insanlardan biri kimi görürlər.

Bir şagirdin müəlliminin adını telefonunda “My Second Mum” – “Mənim ikinci anam” kimi qeyd etməsi, digərinin illər sonra belə ona olan sevgisini və ehtiramını qoruması, müəllimini çiçəklə qarşılayaraq uğuruna öz uğuru kimi sevinməsi təsadüfi deyil. Bunlar uzun illərin zəhmətinin, səmimiyyətinin və insan sevgisinin ən gözəl ifadəsidir. Çünki müəllim üçün ən böyük mükafat diplomlar, sertifikatlar və təşəkkürnamələr deyil, məhz şagirdlərinin sevgisi və qazandığı hörmətdir.

Bu gün təhsil sahəsində baş verən yeniliklər, müasir çağırışlar və dəyişən dövr müəllimlərdən daha böyük məsuliyyət, daha geniş dünyagörüşü və daim yenilənməyi tələb edir. Şəhla Məmmədova da bu prinsiplərə sadiq qalaraq öz üzərində işləyən, yeni tədris metodlarını tətbiq edən, şagirdlərini beynəlxalq bilik yarışlarına hazırlayan, onların potensialını üzə çıxarmağa çalışan müəllimlərdəndir. Onun rəhbərliyi ilə əldə olunan uğurlar, beynəlxalq olimpiadalarda qazanılan nailiyyətlər və yetişən istedadlı gənclər bunun bariz nümunəsidir.

İnanırıq ki, qarşıdakı illərdə də Şəhla müəllimin yetirmələri Azərbaycanın adını beynəlxalq arenalarda uğurla təmsil edəcək, qazandıqları nailiyyətlərlə həm müəllimlərini, həm məktəblərini, həm də ölkəmizi sevindirəcəklər. Çünki güclü müəllimin yetişdirdiyi şagirdlərin uğur hekayəsi heç vaxt bitmir, nəsildən-nəslə davam edir.

Söhbətimizi başa vurarkən Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin dəyərli pedaqoqu Şəhla Məmmədovanı uzunillik səmərəli fəaliyyəti, təhsil sahəsindəki xidmətləri və yetişdirdiyi uğurlu gənclər münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətində yeni zirvələr, tükənməz enerji və yeni uğurlar arzulayırıq.

Arzu edirik ki, onun müəllimlik yolu daim işıqlı olsun, yetişdirdiyi şagirdlərin uğurları bu yolu daha da nurlandırsın. Qəlblərdə sevgi, yaddaşlarda hörmət, həyatlarda isə silinməz iz buraxan müəllim olmaq hər kəsə nəsib olmur. Şəhla Məmmədova isə məhz belə müəllimlərdəndir.

Qoy şagirdlərinin sevgisi, valideynlərin etimadı və həmkarlarının hörməti onun ən böyük mükafatı olaraq daim yanında olsun. Yeni-yeni uğurlarınız bol olsun, Şəhla müəllim!