23 dekabr 2016 21:41
499

Sərhədçilər hesabat verdi

23 dekabr 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “İki sahil”ə verilən məlumata görə, DSX rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib, hərbi hissə və struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2017-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub.

Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.  

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iyun ayının 13-də DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu"nda inşası yekunlaşmış “Tufan” tipli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən itisürətli qayıqlarla tanış olması, dəniz sərhədlərinin və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, avqust ayının 10-da Şəki sərhəd dəstəsinin “Laza” sərhəd zastavasına baxış keçirməsi, DSX-nin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi üzrə qərarlar verməsi, DSX Akademiyasının Nizamnaməsini təsdiq etməsi, DSX-nin komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını 5 orden, 50 medalla, 2 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

– Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1  əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib;

– xaricdə münaqişə zonalarında döyüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılmış, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib;

– sərhəd rejimini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb;

– 49 milyon 319 min manat dəyərində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 2015-ci il ilə müqayisədə bu göstərici 8,3 dəfə çox olub;

– 2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olub);

– DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, 3 ədəd yeni gəmi dəniz kampaniyasına qəbul olunub;

– oktyabr ayında genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, Azərbaycanın dəniz təlimləri tarixində ilk dəfə olaraq gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunmuş, şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib;

– may ayında "Ağgöl" səhra təlim mərkəzində 150-dək zirehli texnikanın, 8 ədəd helikopter və 1100 nəfərdən çox şəxsi heyətin cəlb olunduğu geniş miqyaslı taktiki səhra təlimi uğurla keçirilib;

– dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyət ən yüksək tələblər səviyyəsində təşkil olunub, xüsusən də yay aylarında ölkəmizə böyük turist axını zamanı əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə prosesləri daha təkmil səviyyədə tənzimlənib, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq təşkil olunub;   

– müqabil ölkələrin sərhəd mühafizə qurumları ilə qarşılıqlı əməkdaşlıq formatları genişləndirilib, o cümlədən Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə 2016-cı ilin mart ayında Bakı şəhərində Azərbaycan-Rusiya-İran sərhəd qurumları rəhbərlərinin üçtərəfli görüşü keçirilib;

– dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 134 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi, 424 xidməti mənzilin inşası həyata keçirilib;

– DSX-nin hərbi qulluqçuları üçün Bakı şəhərində inşa olunmuş 624 mənzildən ibarət yaşayış şəhərciyinin güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə verilməsi təmin olunub;

– Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrubəsi uğurla davam etdirilib, hesabat dövründə bu cür 86 görüş keçirilib.

Məhərrəm Ağalaroğlu