Azərbaycanın Bolqarıstandakı səfirliyi 18 iyun – Dayanıqlı Qastronomiya Günü münasibətilə xüsusi tədbir təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan və Bolqarıstandan dövlət rəsmiləri, merlər, kənd təsərrüfatı, turizm, ətraf mühit, qonaqpərvərlik və qastronomiya sahələrinin nümayəndələri, akademik dairələrin və media qurumlarının təmsilçiləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov ölkəmizin kulinariya ənənələri, mədəni irsi və dayanıqlı inkişaf arasında mövcud olan dərin bağlılıqdan danışıb. O bildirib ki, Azərbaycanın zəngin mətbəx irsi insan, mədəniyyət və təbii mühit arasında harmoniyanı əks etdirən dəyərlərə əsaslanır. Səfir qeyd edib ki, Azərbaycan mətbəxində təbiətə hörmət, mövsümi məhsullardan istifadə, biomüxtəlifliyin qorunması və təbii ehtiyatlardan məsuliyyətlə yararlanmaq kimi prinsiplər əsrlər boyu yaşadılıb.
Elmar Məmmədov vurğulayıb ki, Azərbaycan lavaşı, təndirdə çörəkbişirmə ənənəsi, dolma, çay mədəniyyəti və Nar bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu nümunələr milli kulinariya mədəniyyətinin yerli məhsullara, ənənəvi biliklərə və dayanıqlı istehlak prinsiplərinə əsaslandığını nümayiş etdirir.
Səfir, həmçinin dayanıqlı qastronomiyanın Azərbaycanın COP29 Sədrliyi çərçivəsində irəli sürdüyü COP29 Fermerlər üçün Harmoniya İqlim Təşəbbüsünün məqsədləri ilə uzlaşdığını qeyd edib. O, BMT-nin 2026-cı ili Beynəlxalq Qadın Fermerlər İli elan etməsinin əhəmiyyətini vurğulayaraq qadınların kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə töhfəsini xüsusi qeyd edib.
Bundan sonra iştirakçılar Şah plov, yarpaq dolması, göyərti və ətli qutab, manqal salatı, doğramaç, Bakı paxlavası, Şəki paxlavası, Naxçıvan sucuğu, Gəncə Çinar şokoladları və şəkərbura da daxil olmaqla müxtəlif ənənəvi Azərbaycan yeməkləri və şirniyyatlarını dadıblar.
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək - FƏRMAN
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət edib