19 iyun 2026 21:46
100

Professor Habil Məmmədovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19 iyun 2026-cı il tarixində YAP Kürdəmir rayon təşkilatında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının təşkilatçılığı ilə tanınmış alim, tarix elmləri doktoru, professor Habil Məmmədovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı professor Habil Məmmədovun həyatı və elmi fəaliyyətindən bəhs edərək onun 2 monoqrafiya, 1 dərslik, 5 dərs vəsaiti, 1 kitab (tərcümə) 80-dən çox elmi məqalə və konfrans materialları, 20-dək proqram və 2 metodik vəsaitin müəllifi olmasından, elmi məqalələrinin Rusiya Federasiyasında, Ukraynada, Polşada, Qazaxıstanda və Bolqarıstanda çap edildiyini, Habil müəllimin Azərbaycanda Bolqarıstanın, Ukraynanın, Polşanın və digər slavyan ölkələrinin tarixinə dair ana dilində ilk dərslik və dərs vəsaitləri nəşr etdirərək respublikamızda slavyanşünaslığın tədrisi və öyrənilməsi işinə mühüm töhfə verməsindən danışdı.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru filologiya elmləri doktoru, professor Fikrət Cahangirov, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, AMEA Arxeologiya Antropologiya İnstitutunun şöbə müdiri, professor Qafar Cəbiyev Habil Məmmədovun orta məktəb müəllimi Həcər Məmmədova, Kürdəmir rayon tarix-diyarşünaslıq muzeyinin müdiri Altay İslamzadə, gənc tədqiqatçı Nuralı İsmayılov, ailə üzvlərindən qardaşı Fikrət Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlu, şəhid anası Simuzər Bağıyeva çıxışlarında yubilyarın ölkəmizdə tarix elminin inkişafına, ali təhsilin yüksəlişinə və gənc nəslin yetişdirilməsinə verdiyi töhfələrdən danışdılar. Onlar Habil Məmmədovun zəngin elmi fəaliyyəti ilə yanaşı, yüksək insani keyfiyyətləri, vətənpərvərliyi, doğma yurduna bağlılığı və ictimai fəallığını da xüsusi vurğulayaraq onun həm alim, həm pedaqoq, həm də ziyalı kimi cəmiyyətdə böyük nüfuz qazanmasını tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Monitor vasitəsilə tədbirə qoşulan “Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti”nin fəxri üzvü, Ukrayna Dövlət Regionlararası İdarəetmə Akademiyasının professoru Azad Ömərov, Tarix Elmləri doktoru, professor Nərgiz Əliyeva, Habil Məmmədovun müəllimi İradə Ömərova yubilyar haqqında dəyərli fikirlərini söyləyərək, ona xoş arzularını bildirdilər.

Tədbirin sonunda professor Habil Məmmədov ona göstərilən diqqət üçün tədbirin təşkilatçısı – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Xaqani Şirvani adına Aran Regional filialına, qonaqlara və bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi.