21 iyun 2026 19:57
87

Bakıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində yekun tədbir keçirilib

20 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsinin yekun tədbiri Bakı şəhərində Gəncliyə Yardım Fondunda təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar. Sərgidə xalqımızın zəngin milli-mədəni irsini əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi, hazırlanma xüsusiyyətləri və estetik dəyərləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq qonaqlara milli geyimlərimiz və kəlağayı sənəti haqqında geniş məlumat çatdırılıb.

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. O bildirib ki, milli geyimlər və kəlağayı xalqımızın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan mühüm irs nümunələrindəndir. Layihənin əsas məqsədinin milli dəyərlərimizin təbliği, xüsusilə gənc nəslin bu irsə marağının artırılması olduğunu vurğulayan layihə rəhbəri, göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Sonra şəhid Müşfiq Orucovun anası Aygün Məmmədliyə söz verilib. Şəhid anası qeyd edib ki, milli dəyərlərimizin təbliği vacibdir. Kəlağayımız xanımlara çox yaraşır. O bildirib ki, xalqımızın milli-mənəvi irsinin yaşadılması, gənc nəslə düzgün şəkildə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Aygün Məmmədli vurğulayıb ki, milli geyimlərimiz və kəlağayımız Azərbaycan qadınının zərifliyini, mənəvi zənginliyini və milli kimliyini özündə əks etdirir. Şəhidlərimizin canı bahasına qoruduqları Vətənin dəyərlərinin yaşadılmasının onların xatirəsinə ən böyük ehtiram nümunələrindən biri olduğunu qeyd edən şəhid anası, bu istiqamətdə həyata keçirilən layihələrin böyük əhəmiyyət daşıdığını bildirib və belə  tədbirlərin davamlı olmasını arzulayıb.
Daha sonra Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvləri Səringül Sadə, Lalə İsmayıl, Səyalı Dadaşova, Qulu İsmayılov, Vətəndaş İştirakçilıgının Təşviqinə Dəstək İB- nin sədri Taleh Əliyev, Ailələrə Sosial  Dəstək 
İB- nin sədri Esmira Rəhimova, Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova, AMEA- nın dosenti Səkinə Hacıyeva, şair, qazi Nadir Həsənoglu və Vüsal Sehranoğlu çıxış edərək layihənin əhəmiyyətindən, milli geyimlərin və kəlağayının Azərbaycan xalqının milli kimliyinin formalaşmasında oynadığı roldan danışıb, bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Çıxışlarda vurğulanıb ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, milli geyimlər və kəlağayı yalnız maddi mədəniyyət nümunələri deyil, həm də xalqımızın tarixini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə əks etdirən dəyərli irs nümunələridir.

Tədbirin bədii hissəsində aşıq İsmayıl İncəli, aşıq Xədicə Göycəli və aşıq Samir Borçalı maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Zəhra Əzimova isə tədbirdə milli-mənəvi dəyərlərə və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirib. Səsləndirilən aşıq havaları, xalq musiqisi nümunələri və şeirlər iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Layihənin məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının təbliği, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.

Bununla da “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla yekunlaşıb.