24 iyun 2026 10:00
93

Xəzərin iki sahili: Strateji tərəfdaşlığın yeni üfüqləri

Xəzər dənizinin iki sahilini birləşdirən ortaq tarix, mədəniyyət, strateji maraqlar bu gün Azərbaycan-Türkmənistan münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyıb. Qlobal geosiyasi və geoiqtisadi təlatümlər fonunda Bakı və Aşqabad arasında formalaşan tərəfdaşlıq təkcə iki ölkə deyil, bütövlükdə Avrasiya məkanı üçün regional sabitliyin və iqtisadi təhlükəsizliyin əsas sütunlarından birinə çevrilməkdədir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə reallaşan dövlət səfəri bu tendensiyanın məntiqi davamı oldu. Türkmənistan dövlət başçısının Prezident İlham Əliyev ilə görüşləri zamanı işgüzar tərəfdaşlığın perspektivləri müzakirə edildi, həmçinin hər iki ölkənin liderləri Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş "Dostluq" neft tankerinin Türkmənistana hədiyyə edilməsi mərasimində iştirak etdilər. Bakı artıq uzun illərdir ki, Aşqabad ilə həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı (TDT), digər beynəlxalq və regional strukturlar çərçivəsində olduqca səmərəli işgüzar əməkdaşlıq qurur. Bu tərəfdaşlıq qarşılıqlı faydalı ticarət əlaqələrinə, karbohidrogen, mineral, aqrar və digər xammalların dayanıqlı Trans-Xəzər marşrutu ilə daşınmasına, eləcə də Orta Dəhlizin liman infrastrukturunun genişləndirilməsi istiqamətində birgə səylərə əsaslanır.

2021-ci ildən etibarən Bakı və Aşqabad qaz svopu üzrə layihələr həyata keçirir, "yaşıl" elektrik enerjisinin perspektivli Trans-Xəzər tranziti və dənizaltı optik internet kabelinin çəkilişi ilə bağlı təşəbbüslərdə iştirak edir, gəmiqayırma və bərpaolunan enerji mənbələri (BEM) sahəsində əməkdaşlığı genişləndirirlər. Türkmənistan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində və işgüzar kooperasiyanın genişlənməsində növbəti mühüm mərhələdir. Türkmənistan dövlət başçısının səfəri çərçivəsində Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, həm geniş tərkibdə, həm də təkbətək formatda aparılan danışıqlar zamanı ikitərəfli qarşılıqlı fəaliyyətin bir çox məsələləri müzakirə olunub və iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf yolları müəyyənləşdirilib. Prezident İlham Əliyev, həmçinin nəqliyyat-loqistika sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib. Qeyd edib ki, bu sahə transformasion xarakter daşıyır və təkcə region dövlətləri deyil, həm də geniş coğrafiya üçün strateji əhəmiyyət kəsb edir.

Türkmənistan liderinin səfəri zamanı tərəflərin mübadilə etdiyi sənədlərin əhəmiyyəti xüsusi diqqət çəkir. Belə ki, Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimində dövlət başçıları Birgə Bəyanat imzalayıblar. Daha sonra müvafiq qurumların rəhbərləri qarşılıqlı fəaliyyətə dair protokol və memorandumları mübadilə ediblər. Bu sənədlər arasında sənaye sahəsində 2026-2028-ci illər üçün əməkdaşlıq proqramını, energetika sahəsində və iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri üzrə əməkdaşlıq sazişlərini, iki ölkənin kənd təsərrüfatı nazirlikləri, Azərbaycan Mərkəzi Bankı ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında qarşılıqlı fəaliyyət haqqında memorandumları, qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında protokolu və "Azərbaycan Respublikası ilə Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumatların mübadiləsinin Texniki Şərtləri"ni xüsusi qeyd etmək lazımdır. Öz növbəsində, Sərdar Berdiməhəmmədov mətbuata bəyanatında səfərini yüksək qiymətləndirərək qeyd edib ki, Türkmənistanla Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas istiqamətlər üzrə inkişaf edəcək, çünki bu, iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verir. Türkmənistan rəhbəri energetika, nəqliyyat, kimya və tekstil sənayesi və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyən edildiyini bildirib, həmçinin hər iki ölkənin ərazilərindən keçən Şərq-Qərb xətti üzrə nəqliyyat-tranzit dəhlizlərinin inkişafı işində sıx əməkdaşlıq barədə razılığın əldə olunduğunu diqqətə çatdırıb.

Bu kontekstdə Sərdar Berdiməhəmmədov nəqliyyat, tranzit və loqistika məsələləri üzrə Türkmənistan-Azərbaycan komissiyasının fəaliyyətini daha da aktivləşdirməyi təklif edib. Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin uğurlu əməkdaşlıq nümunəsi olduğunu vurğulayan qonaq iki ölkənin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan edib. Türkmənistan Prezidenti ölkəsinə hədiyyə edilən "Dostluq" neft tankerinə görə də təşəkkürünü bildirərək vurğulayıb ki, Türkmənistan tərəfi bunu iki dövlət arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul edir.

Bu məqamda belə bir faktı qeyd etmək yerinə düşər: Bakı ilə Aşqabad arasında gəmiqayırma sahəsində əməkdaşlıq Trans-Xəzər daşımalarının inkişafında mühüm komponentə çevrilir — Orta Dəhlizin loqistik potensialını genişləndirən iki ölkə yük dövriyyəsinin artması üçün donanmaların tonajını artırır. Bu istiqamətdə mühüm addımlardan biri cari ilin mayın 12-də "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə Türkmənistanın "Balkan" gəmiqayırma zavodunda inşa edilmiş "Gadamly" quru yük gəmisinin Ələt limanına gəlməsi olub. Yükqaldırma qabiliyyəti 6100 ton olan quru yük gəmisi 240 standart 20 futluq konteyner (TEU) daşımaq gücünə malikdir və Bakı ilə Türkmənbaşı limanları arasında konteyner daşımalarına cəlb ediləcək. Yüklərin daşınmasına artan tələbatı nəzərə alaraq, iki ölkənin dəniz daşımaları və gəmiqayırma sahəsində tərəfdaşlığı daha da artacaq. Azərbaycan və Türkmənistan qeyri-neft yüklərinin daşınmasında, o cümlədən "Lapis Lazuli" və "CASCA+" kimi nəqliyyat marşrutları çərçivəsində əməkdaşlıq etməyə hazırdırlar. Belə ki, yük daşımalarının, o cümlədən konteyner daşımalarının diversifikasiyası məqsədilə ötən il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) trafikinin bir hissəsinin Türkmənistana yönəldilməsi barədə qərar qəbul edilib. Bu məqsədlə 2023-cü ilin əvvəlindən Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə dəniz fider konteyner daşımalarına başlanılıb. Bununla yanaşı, Türkmənistan qalaq yüklərin, xüsusən də kükürd, karbamid və ammonium-nitrat gübrələrinin daşınması üçün Azərbaycan limanlarının - Ələt, Hövsan və Zirə limanlarının imkanlarından fəal şəkildə istifadə edir və ötən il yerli limanlar vasitəsilə təxminən 1,1 milyon ton gübrə daşınıb.

Beləliklə, Azərbaycan ilə Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri bu gün sadəcə ikitərəfli emosional bağlılıq deyil, həm də dərin strateji və iqtisadi əsaslara malik sarsılmaz bir tərəfdaşlıqdır. Xəzər dənizini bir rəqabət meydanı deyil, sülh, dostluq, əməkdaşlıq dənizinə çevirən Bakı və Aşqabad, gələcək nəsillər üçün rifah və təhlükəsizlik dolu bir region inşa edirlər. Birgə atılan addımlar və reallaşan irihəcmli layihələr bu dostluğun gələcəkdə daha da sarsılmaz olacağından xəbər verir.

Sevinc Azadi, “İki sahil”