Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirin ilk hissəsi YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında çay süfrəsi ətrafında təşkil olunub. Görüşdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Hicran Hüseynova, Mehriban Vəliyeva və Elnarə Akimova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Vətən müharibəsi iştirakçıları, qazilər, xidmətdə və ehtiyatda olan hərbi qulluqçular iştirak ediblər.
Səmimi şəraitdə keçən görüş zamanı Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu, Vətən müharibəsində əldə olunan tarixi Qələbə, hərbçilərimizin göstərdiyi qəhrəmanlıq nümunələri və Silahlı Qüvvələrimizin ölkəmizin təhlükəsizliyinin təmin edilməsindəki müstəsna rolu barədə fikir mübadiləsi aparılıb. İştirakçılar şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, qazilərimizin və hərbi qulluqçularımızın xidmətlərini yüksək qiymətləndiriblər.
Tədbir daha sonra Sumqayıt Dövlət Dram Teatrında davam edib. Burada Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov açılış nitqi ilə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha da güclənərək 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Ramiz Hüseynov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordularından biridir və dövlətimizin təhlükəsizliyinin, müstəqilliyinin etibarlı təminatçısıdır. O, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, qazilərimizin və hərbi qulluqçularımızın isə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.
Daha sonra iştirakçılar Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat və döyüş yolundan bəhs edən “Ölməz” mono tamaşasını izləyiblər. Tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və qəhrəmanlıq salnaməmizin təbliği baxımından yüksək dəyərləndirilib.
Tədbir Azərbaycan Ordusunun şanlı tarixinə və qəhrəman hərbçilərimizin xidmətlərinə ehtiram ifadəsi olaraq yadda qalıb.