29 iyun 2026 11:59
106

"Ford" süni intellekt uğursuzluğundan sonra təcrübəli mühəndislərini geri qaytardı

ABŞ-ın avtomobil nəhəngi "Ford", keyfiyyətə nəzarət prosesində avtomatlaşdırılmış sistemlərin və süni intellekt (İİ) alətlərinin gözlənilən nəticəni verməməsindən sonra təxminən 350 təcrübəli mühəndisi yenidən işə götürüb. İşə cəlb olunan mütəxəssislərin bir hissəsi əvvəllər şirkətin özündə çalışmış şəxslər, digərləri isə avtokonsernin tədarükçü şirkətlərindən gələn ekspertlərdir.

“İki sahil” xəbər verir ki, "Ford" rəhbərliyi etiraf edib ki, bir neçə nəsil avtomobillərin istehsalı zamanı qazanılmış mühəndislik təcrübəsinin əhəmiyyətini vaxtilə düzgün qiymətləndirməyib.

Şirkətin aparat mühəndisliyi üzrə vitse-prezidenti Çarlz Pun məsələni belə şərh edib: "İstehsalçı olaraq, sadəcə süni intellektin tətbiqinin və layihə tələblərinin dəyişdirilməsinin avtomatik olaraq daha yüksək keyfiyyətli avtomobillərin istehsalına imkan verəcəyini düşünməklə böyük səhvə yol vermişdik."

Yenidən komandaya daxil olan təcrübəli mühəndislər hazırda detalların hələ zavodlara daxil olmasından əvvəl onlardakı zəif nöqtələrin tapılmasına kömək edir, layihə yoxlamalarında iştirak edir və gənc mütəxəssislərə təlimlər keçirlər. Bundan əlavə, onlar süni intellekt sistemlərinin işlədiyi dataların təkmilləşdirilməsi və xətaların düzəldilməsi ilə məşğul olurlar.

"Ford" həmçinin layihələndirmə, istehsalat və proqram təminatı komandaları arasında qarşılıqlı əlaqəni kəskin şəkildə gücləndirib. Şirkət bu addımlarla qüsurları avtomobil istehsal olunub bazara çıxarılandan sonra düzəltmək yox, hələ istehsalın ilkin mərhələlərində onların qarşısını almaq strategiyasına keçid etməyi hədəfləyir.