Səhiyyə Nazirliyində Azərbaycanda səfərdə olan İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Görüşdə məhkəmə-tibb ekspertizası, DNT analizləri, laborator imkanların gücləndirilməsi, mütəxəssis hazırlığı və bilik mübadiləsi istiqamətlərində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Bildirilib ki, itkin düşmüş şəxslərin axtarışı, şəxsiyyətinin müəyyənləşdirilməsi və bu sahədə müasir elmi yanaşmaların tətbiqi humanitar baxımdan xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, beynəlxalq təcrübənin öyrənilməsi və innovativ metodların tətbiqi görülən işlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Səhiyyə naziri Teymur Musayev işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri və aşkarlanan insan qalıqlarının identifikasiyası prosesində aidiyyəti dövlət qurumlarının əlaqəli və koordinasiyalı fəaliyyət göstərdiyini bildirib. Nazir ICMP ilə əməkdaşlığın bu istiqamətdə mühüm töhfə verdiyini vurğulayıb.
ICMP-nin Baş direktoru K. Bomberger Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, rəhbərlik etdiyi təşkilatın gələcəkdə də ölkəyə texniki və ekspert dəstəyi göstərməyə hazır olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivəri nəzərdən keçirilib.