30 iyun 2026 14:09
128

"Reuters": AfD lideri Rusiyadan neft və qaz idxalını bərpa etməyə çağırıb

"Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Alis Vaydel "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib ki, Almaniya milli iqtisadiyyatını gücləndirmək naminə Rusiya neft və qazına tətbiq etdiyi boykotu dayandırmalıdır.

“İki sahil” xəbər verir ki,  Alis Vaydel Almaniya sənayesinin əvvəlki uğurlarını birbaşa Rusiya enerjisinə bağlayaraq belə deyib:

"Rusiyadan gələn ucuz enerji daşıyıcıları - "Made in Germany" adlanan uğurun əsas sirri idi. Və bizə bu enerjinin geri qayıtması lazımdır."

Onun sözlərinə görə, Rusiyadan gələn tədarükün dayandırılması Almaniyanı "böyük illər geriyə" salıb: "Yüz minlərlə iş yeri itirilib. Biz artıq bizə enerji daşıyıcılarını qat-qat baha qiymətə satan ABŞ-dan asılı vəziyyətə düşmüşük."

Müsahibə zamanı partiya sədri AfD-yə qarşı yönələn "ekstremist partiya" ittihamlarına da cavab verib. O, siyasi rəqiblərinin onlara qərəzli yanaşdığını vurğulayıb: "Bizim özümüzü necə görməyimizlə siyasi rəqiblərimizin bizə verdiyi qiymət arasında yerlə göy qədər fərq var. Bizi ifrat sağçı adlandırırlar. Amma reallıqda biz sıravi, adi insanların partiyasıyıq".