30 iyun 2026 15:06
123

Avropa Komissiyası ruslara turist vizalarının tamamilə qadağan ediləcəyi barədə xəbərləri təkzib etdi

Avropa Komissiyası (AK) rusiyalılar üçün turist vizalarının verilməsinə tam qadağa qoyulması barədə hazırlıqların getdiyini hələlik təsdiqləmir. Qurum yalnız Ukraynadakı hərbi əməliyyatlarda (Xüsusi Hərbi Əməliyyat) iştirak etmiş keçmiş hərbçilərin Aİ-yə girişinə qadağa qoyulması tələbini müdafiə edir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyinə Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Rusiyalılara Şengen vizalarının verilməsinin tamamilə dayandırılacağı ilə bağlı yayılan iddiaları şərh edən mətbuat xidməti rəsmi mövqeyi belə ifadə edib:

"Biz dəfələrlə bəyan etmişik ki, Avropa Komissiyası hazırda yalnız Ukraynaya qarşı müharibədə iştirak etmiş şəxslərin yarada biləcəyi təhlükəsizlik təhdidlərinə qarşı viza rejiminin uyğunlaşdırılması üçün nöqtəvi (hədəfli) tədbirlər üzərində işləyir. Bu tədbirlər Avropa Komissiyası tərəfindən 21-ci sanksiyalar paketi çərçivəsində təklif olunub."

Bununla belə, Avropa Komissiyası rəsmi Brusselin sözügedən "keçmiş iştirakçıları" hansı meyarlarla və necə müəyyən edəcəyinə dair detalları şərh etməkdən imtina edib.