01 iyul 2026 12:26
113

Müasir diaqnostika və vaxtında müraciət nevroloji xəstəliklərin ağırlaşmasının qarşısını almağa imkan verir - Nevroloq

Xəbərdarlıq: Gecə telefon ekranına baxmaq insult riskini artıra bilər

Son illər dünyada olduğu kimi, Azərbaycanda da nevroloji xəstəliklərə maraq və bu sahədə maarifləndirmə ehtiyacı xeyli artıb. Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən rəqəmsal texnologiyalar, stress, qeyri-sağlam qidalanma və passiv həyat tərzi beyin sağlamlığı üçün ciddi risk faktorları hesab olunur. Bununla yanaşı, müasir tibbi texnologiyaların inkişafı nevroloji xəstəliklərin erkən aşkarlanması və effektiv müalicəsi üçün geniş imkanlar yaradıb.

Mövzu ilə bağlı suallarımızı cavablandıran Kliniki Tibbi Mərkəzin nevroloqu Durna Ələkbərova bildirib ki, düzgün həyat tərzi, vaxtında həkimə müraciət və müasir diaqnostik imkanlardan istifadə nevroloji xəstəliklərin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır.

Nevroloji xəstəliklərin artmasına təsir göstərən əsas amillər...

Nevroloq qeyd edib ki, son illərdə nevroloji xəstəliklərin artmasına təsir göstərən əsas amillər sırasında sosial şəbəkələrdən və mobil telefonlardan həddindən artıq istifadə, ekoloji mühitin çirklənməsi, gərgin və stressli həyat şəraiti, iş yükünün normadan artıq olması, həmçinin təbii qidalardan daha çox süni tərkibli və hazır qidalara üstünlük verilməsi dayanır. Onun sözlərinə görə, bütün bu amillər sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərərək müxtəlif nevroloji problemlərin yaranmasına zəmin hazırlayır.

D. Ələkbərova Azərbaycanda nevroloji xəstəliklərin diaqnostikası və müalicə imkanlarını müsbət qiymətləndirdiyini vurğulayıb. O bildirib ki, ölkədə həm həkimlərin peşəkarlığı, həm də dövlət və özəl tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təmin olunması xəstəliklərin erkən aşkar edilməsinə imkan yaradır.

"Hazırda baş ağrısı, bel ağrısı və digər nevroloji şikayətlərlə müraciət edən xəstələrdə ehtiyac yarandıqda kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT), elektroensefaloqram (EEQ) kimi müasir müayinələrə asanlıqla yönləndirmə aparılır. Bu müayinələr sayəsində xəstəliyin diaqnozu qısa müddətdə müəyyən edilir və müalicəyə vaxtında başlanılır. Xəstəlik sürətlə inkişaf edirsə, erkən müdaxilə onun ağırlaşmasının qarşısını almağa imkan verir", – deyə həkim bildirib.

Nevroloq xüsusilə gənclər arasında insult riskinin artmasına da diqqət çəkib. O qeyd edib ki, gecə saatlarında mobil telefon və sosial şəbəkələrdən uzun müddət istifadə yuxu rejimini pozur. Bunun əsas səbəbi isə ekranlardan yayılan işığın beyində melatonin hormonunun ifrazını azaltmasıdır.

İnsultun profilaktikası üçün arterial təzyiqin normal saxlanılması,
şəkərli diabet və xolesterinin nəzarətdə olması vacibdir

"Melatonin səviyyəsinin azalması yuxu keyfiyyətini aşağı salır, kortizol hormonunun artmasına səbəb olur və nəticədə beyin fəaliyyəti pozulur. Bu isə uzunmüddətli perspektivdə nevroloji xəstəliklərin, o cümlədən insult riskinin artmasına təsir göstərə bilər", – deyə D. Ələkbərova bildirib.

Mütəxəssis insultun profilaktikası üçün arterial təzyiqin normal saxlanılmasının, şəkərli diabet və xolesterinin nəzarətdə olmasının vacibliyini qeyd edib. O, həmçinin siqaret və alkoqoldan imtina etməyi, normal bədən çəkisini qorumağı, müntəzəm fiziki aktivliyi, sağlam qidalanmanı və düzgün yuxu rejiminə əməl etməyi tövsiyə edib.

"Hər bir insan gecə ən azı 6-7 saat yatmalıdır. Xüsusilə gecə saat 23:00-dan səhər 04:00-05:00-dək olan müddətdə beyində melatonin ifrazı daha intensiv olur. Bu hormon beyin fəaliyyətinin normal saxlanılması üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də həmin saatlarda yuxuda olmaq vacibdir", – deyə o vurğulayıb.

Nevroloqun sözlərinə görə, qidalanmada balıq, meyvə və tərəvəzlərə üstünlük verilməli, zərərli içkilərdən uzaq durulmalı, stress minimuma endirilməli və beynin lazımsız informasiya yükü ilə həddindən artıq yüklənməsinin qarşısı alınmalıdır.

D. Ələkbərova Parkinson və Altsheymer xəstəliklərinin də erkən mərhələdə aşkarlanmasının mümkün olduğunu bildirib. O qeyd edib ki, bunun üçün sağlam həyat tərzi sürmək, aktiv olmaq, düzgün qidalanmaq və orqanizmdə yaranan ilk narahatlıq əlamətlərini diqqətdən kənarda qoymamaq lazımdır.

"Hər hansı narahatlıq hiss edilən kimi xəstəliyin ağırlaşmasını gözləmədən ixtisaslı həkimə müraciət etmək vacibdir. Müasir müayinə üsullarının əlçatan olması və həkimlərin peşəkar hazırlığı sayəsində bir çox nevroloji xəstəliklərin erkən diaqnostikası mümkündür. Vaxtında başlanılan müalicə xəstəliyin inkişafını ləngidə, hətta bəzi hallarda onun başlanmasını uzun müddət gecikdirə bilir", – deyə o qeyd edib.

Erkən diaqnostika və vaxtında müalicə

Müsahibimiz bildirib ki, ölkəmizdə insultun müalicəsi sahəsində də mühüm irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, artıq bir sıra tibb müəssisələrində insult erkən mərhələdə aşkar edildikdə trombolizis, mexaniki trombektomiya və zərurət yarandıqda cərrahi müdaxilə tətbiq olunur.

"Həmin müasir müalicə üsulları sayəsində bir çox hallarda əlilliyin qarşısını almaq mümkün olur. Ümumilikdə isə nevroloji xəstəliklərdə əsas məqsəd erkən diaqnostika və vaxtında müalicə ilə xəstəliyin ağırlaşmasının, əlilliyə səbəb olmasının qarşısını almaqdır. Bunun üçün vətəndaşların öz sağlamlığına məsuliyyətlə yanaşması və ilk əlamətlər zamanı gecikmədən həkimə müraciət etməsi olduqca vacibdir", – deyə Kliniki Tibbi Mərkəzin nevroloqu Durna Ələkbərova fikrini yekunlaşdırıb.

Yaqut Ağaşahqızı, “İki sahil”