Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozep Borrel bəyan edib ki, Avropa Komissiyasının (AK) xarici siyasətdəki rolunun artması ittifaqın qərar qəbuletmə mexanizmində "kifayət qədər böyük bir qarışıqlığa" yol açıb.
“İki sahil” xəbər verir ki, keçmiş diplomat "Politico" nəşrinə verdiyi müsahibədə qurumun statusunu xüsusi vurğulayıb: "Komissiya Avropa İttifaqı adından çıxış etmir; Komissiya yalnız Komissiyanın özünü təmsil edir."
Borrelin sözlərinə görə, Avropa Komissiyası İsrail-Fələstin münaqişəsi, İran ətrafındakı vəziyyət və digər beynəlxalq böhranlar kimi məsələlərdə Aİ-nin rəsmi mövqeyini müəyyənləşdirməyə çalışmaqla öz səlahiyyətlərini aşır. O qeyd edib ki, ittifaqın ümumi xarici siyasətini Avropa Komissiyası deyil, Avropa İttifaqı Şurası müəyyən etməlidir.
Xəbərdə həmçinin xatırladılır ki, cari ilin mart ayında İspaniyanın "El País" qəzeti Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Aİ-nin hazırkı xarici siyasət rəhbəri Kaya Kallas və NATO-nun Baş katibi Mark Rutteni son onilliklərin Avropa İttifaqı və NATO məkanındakı "ən uğursuz siyasətçiləri" adlandırmışdı.