02 iyul 2026 01:45
107

ABŞ hərbi helikopteri Ərəb dənizinə düşüb, bir hərbçi itkin düşüb

ABŞ ordusu Ərəb dənizində məcburi eniş edən “MH-60S Seahawk” tipli hərbi helikopterin göyərtəsində olan bir hərbçinin itkin düşdüyünü, daha üç hərbçinin isə xəsarət aldığını açıqlayıb. Bildirilib ki, yaralıların vəziyyəti stabildir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının yaydığı bəyanatda bildirilib.

Məlumata görə, hazırda hərbi dəniz qüvvələri itkin düşmüş ekipaj üzvünün axtarışını davam etdirir. Hadisənin başvermə səbəbləri araşdırılır. İlkin məlumata əsasən, insidentin düşmən fəaliyyəti nəticəsində baş verdiyini göstərən heç bir əlamət yoxdur.

Bəyanatda qeyd olunub ki, helikopter bölgədə yerləşdirilmiş “George H.W. Bush” təyyarədaşıyan gəmisinin tərkibində xidmət göstərirdi.

Qeyd edilib ki, ağırlıq mərkəzi yuxarıda yerləşən hava vasitələrinin suya düşdükdən sonra aşmaq riski səbəbindən helikopterlərin suya məcburi enişi hətta təcrübəli pilotlar üçün də yüksək təhlükə yaradır.