02 iyul 2026 16:44
99

Polşa Ukrayna vətəndaşlarının hüquqlarını digər əcnəbilərlə bərabərləşdirir

Rəsmi Varşava ukraynalılar üçün tətbiq edilən xüsusi güzəştli rejimi ləğv edərək, onları ümumi miqrasiya qaydalarına keçirməyi planlaşdırır. Polşa hakimiyyəti indiyə qədər Ukrayna vətəndaşları üçün qüvvədə olan xüsusi hüquqi tənzimləmələrdən imtina etmək və onları bütün əcnəbilərə şamil olunan ümumi rejimə keçirmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər və İnzibati İdarəetmə naziri Marçin Kervinski bəyanat verib.

Nazirin sözlərindən edilən sitatda qeyd olunur: "Biz Ukrayna vətəndaşlarının Polşada öz həyatlarını və işlərini qurmalarını asanlaşdırmaq məqsədilə nəzərdə tutulmuş xüsusi qərarlardan imtina edirik".

Polşanın nüfuzlu "Wprost" jurnalının daha əvvəl yaydığı məlumata görə, son dövrlərdə Ukrayna vətəndaşlarına Polşada müvəqqəti müdafiə statusunun verilməsindən getdikcə daha çox imtina edilir.

Eyni zamanda, daxili siyasi arenada da bu mövzu ilə bağlı çağırışlar artmaqdadır. Polşa Seyminin (parlamentinin) deputatı Yanuş Kovalski ukraynalıların Polşadan öz ölkələrinə - Ukraynaya qaytarılmasını nəzərdə tutan xüsusi proqramın başladılmasının vacibliyini dilə gətirib.