Rusiya və Belarusun milli aviaşirkətləri sərnişinlərə Minsk vasitəsilə tranzit uçuşlar həyata keçirməyə imkan verən xüsusi tərəfdaşlıq sazişi imzalayıblar
Rusiyanın "Aeroflot" aviaşirkəti Belarusun "Belavia" daşıyıcısı ilə imzalanmış "interline" (birgə xətt) sazişi çərçivəsində bilet satışına başladığını elan edib.
“İki sahil” xəbər verir ki, Rusiya aviaşirkətinin yaydığı rəsmi məlumata görə, sərnişinlər artıq vahid biletlə Minsk üzərindən Gürcüstan, İsrail və Türkmənistana səyahət edə biləcəklər.
Sazişə əsasən, sərnişinlər vahid bilet almaqla Minsk reysi vasitəsilə Tbilisiyə, Kutaisiyə, Batumiyə, Təl-Əvivə və Türkmənbaşıya uça bilərlər. Bu uçuşların Moskva–Minsk seqmentini "Aeroflot", Minskdən sonrakı davamını isə "Belavia" aviaşirkəti yerinə yetirəcək.
Sözügedən razılaşma əks istiqamətdə də qüvvədədir. Belə ki, Belarusun Minsk, Qomel, Brest və Mogilyov şəhərlərindən Moskva və ya Sankt-Peterburqa uçan sərnişinlər, buradan asanlıqla "Aeroflot"un geniş marşrut şəbəkəsinə keçid edə biləcəklər. Bu zaman Belarus daxili və Belarusdan olan reysləri "Belavia", Rusiyadan sonrakı daşımaları isə "Aeroflot" icra edəcək.