04 iyul 2026 14:14
105

Nazirlik: Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət nəzarət altındadır

Son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinə məlumatlar daxil olub. Məsələ ilə əlaqədar Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd edilən ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə edilən kəskin iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Qlobal və regional iqlim şəraiti dəyişdikcə bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.

Hazırda Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir. Proses tam olaraq nəzarət altındadır.