Ötən gün və bu gün azı səkkiz gəmi Hörmüz boğazını Oman sahillərinə yaxın alternativ marşrutla tərk etməyə cəhd göstərsə də, geri qayıtmağa məcbur olub.
“İki sahil” “Bloomberg”ə istinadla xəbər verir ki, gəmilərin bəziləri Hörmüz boğazına baxan Ras Müsəndəm bölgəsinə çatar-çatmaz geri qayıdıblar. Neft tankeri, neft məhsulları daşıyan iki gəmi, eləcə də konteyner gəmisi isə sonradan şimala istiqamətlənərək İranın müəyyən etdiyi marşrut üzrə hərəkətlərini davam etdiriblər.
Gəmilərin geri qayıtma səbəbləri açıqlanmır. Bununla yanaşı, medianın məlumatına görə, Tehran gəmilərin yalnız onun müəyyənləşdirdiyi marşrut üzrə hərəkətinə icazə verəcəyini dəfələrlə bildirib.
İyunun 29-dan etibarən hər gün orta hesabla 34 xammaldaşıyan gəmi Hörmüz boğazını tərk edib. Bu göstərici münaqişə dövrünün böyük hissəsi ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksək olsa da, gərginlik başlamazdan əvvəl qeydə alınan səviyyədən hələ də aşağıdır.