NATO-nun sabiq baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının gələcəkdə daim fəaliyyət göstərəcəyinə heç kimin zəmanət verə bilməyəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, o, bu fikirləri "Der Spiegel" jurnalına verdiyi müsahibədə səsləndirib.
Stoltenberqin sözlərinə görə, hazırkı mərhələdə dövlət və hökumət başçıları mümkün gələcək ssenariləri müzakirə etməkdənsə, təxirəsalınmaz addımların atılmasına üstünlük verməlidirlər.
"NATO-nun sonsuza qədər mövcud olacağına heç kim təminat verə bilməz. Hesab edirəm ki, indi əsas diqqət gələcəklə bağlı fərziyyələrə deyil, zəruri tədbirlərin həyata keçirilməsinə yönəldilməlidir", - deyə o vurğulayıb.
Keçmiş baş katib hesab edir ki, NATO-nun Avropadakı üzv dövlətləri müdafiə sahəsinə ayırdıqları vəsaiti daha erkən artırmalı idilər.
Onun sözlərinə görə, bu istiqamətdə artıq irəliləyiş müşahidə olunur və Almaniya da daxil olmaqla bir sıra ölkələr müdafiə büdcələrini əhəmiyyətli dərəcədə yüksəldiblər. Bununla belə, Stoltenberq bu prosesin daha sürətlə həyata keçirilə biləcəyini qeyd edib.