06 iyul 2026 12:54
103

Türkiyə və ABŞ liderlərinin Ankarada görüşünün vaxtı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-də ABŞ Prezidenti Donald Trampla görüşəcək.

“İki sahil” xəbər verir ki, NATO-nun 36-cı sammiti çərçivəsində Türkiyə və ABŞ liderləri arasında danışıqların yerli vaxtla saat 15:00-da aparılması planlaşdırılır.

Həm məhdud, həm də geniş tərkibdə müzakirələrin müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlığı əhatə edəcəyi gözlənilir.

İki liderin Ankaraya qarşı CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması və digər müdafiə layihələrini müzakirə edəcəyi gözlənilir.

Onlar, həmçinin regional inkişaflar, xüsusən də Suriyadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi aparacaqlar.

Donald Tramp 17 illik fasilədən sonra Türkiyəyə səfər edən ilk ABŞ Prezidenti olacaq.

Bu ərəfədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının tezliklə ləğv ediləcəyini istisna etməyib. Onun sözlərinə görə, hər iki ölkənin hakimiyyəti buna nail olmaq üçün siyasi iradə nümayiş etdirib.