07 iyul 2026 10:49
89

Belarusda PUA-larla mübarizə üzrə hərbi təlim toplanışları keçiriləcək

Belarusun Ukrayna ilə həmsərhəd olan Malorita və Droqiçin rayonlarının ərazi qoşunlarının hərbi mükəlləfiyyətli şəxsləri iyul ayının sonunadək planlı təlim toplanışlarında iştirak edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Hərbi tədbirlər 7-30 iyul tarixlərində reallaşacaq. Təlimlər zamanı əsas diqqət ərazi müdafiə qüvvələrinin şəxsi heyətini və mühüm strateji obyektləri pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından qorumaq tapşırıqlarının yerinə yetirilməsinə yönəldiləcək.

Qeyd edək ki, may ayının sonunda Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç Ukrayna PUA-larının demək olar ki, hər gün Belarus sərhədini keçməyə cəhd göstərdiyini bəyan etmişdi. Onun sözlərinə görə, təkcə bir həftə ərzində guya "təsadüfi daxilolma" adı altında sərhəd infrastrukturunun elementlərini vurmağa çalışan 166 pilotsuz aparat qeydə alınıb.