07 iyul 2026 19:09
89

Avropa İttifaqında yeni qayda

"Nintendo" şirkəti 2027-ci ilin fevral ayının ortalarından etibarən birinci nəsil "Switch" oyun konsollarının bütün variantlarının Avropa mağazalarına tədarükünü tamamilə dayandıracaq. Rəsmi qərar adi "Nintendo Switch" modeli ilə yanaşı, "Switch Lite" və "Switch OLED" versiyalarına da şamil olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Sözügedən cihazların satışı eyni zamanda "Nintendo"nun Avropadakı rəsmi internet mağazasında da sonlandırılacaq. Şirkət birinci nəsil konsolların istehsalının digər qlobal regionlar üçün də dayandırılıb-dayandırılmayacağı barədə hələlik hər hansı bir məlumat verməyib.

Bu köklü dəyişiklik Avropa İttifaqının qəbul etdiyi yeni normativ hüquqi tələblərlə birbaşa bağlıdır. Belə ki, 18 fevral 2027-ci il tarixindən etibarən Aİ məkanında satılan bəzi elektronika növlərinin akkumulyatorları istifadəçilər tərəfindən asanlıqla dəyişdirilə bilən dizaynda olmalıdır.

Yaranmış yeni vəziyyətlə əlaqədar olaraq, "Nintendo" şirkəti fəaliyyət planını artıq müəyyən edib: Şirkət akkumulyatorları rahatlıqla əvəzlənə bilən (sökülüb-yığılan) "Switch 2" konsolunun və bir sıra kontrollerlərin yenilənmiş versiyalarını bazara təqdim etməyə hazırlaşır.

Yeni buraxılacaq bu modellər funksional baxımdan hazırkı mövcud modellərdən heç nə ilə fərqlənməyəcək.