11 iyul 2026 19:19
103

Çin qasırğadan sonra xilasetmə və bərpa işləri üçün 6 milyon dollara yaxın vəsait ayırıb

Çin "Bavi" qasırğasından sonra Futszyan və Çjetszyan əyalətlərində xilasetmə və bərpa işlərinə dəstək məqsədilə 40 milyon yuan (təxminən 5,88 milyon dollar) ayırıb.

“İki sahil” "Sinxua" agentliyinə istinadən xəbər verir ki, vəsait Maliyyə və Fövqəladə Hallar nazirlikləri tərəfindən ayrılacaq.

Qasırğanın yaxınlaşması ilə əlaqədar şərqdəki Çjetszyan və Futszyan əyalətlərində 1,9 milyondan çox insan təxliyə olunub. "Narıncı" təhlükə səviyyəsi elan edilib.

Güclü qasırğa Çinin şərq sahilinin bəzi rayonlarına leysan yağışları gətirərək şiddətli daşqınlara və s. səbəb olub.

Maliyyə Nazirliyinin bəyanatına əsasən, vəsait daşqınlara qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və qasırğaların nəticələrinin aradan qaldırılmasına yönəldiləcək. Bu çərçivədə zərərçəkmiş sakinlərin təxliyəsi və təhlükəsiz ərazilərə köçürülməsi, insanların təhlükəsizliyinə birbaşa təhdid yaradan risklərin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsi prioritet olacaq.