İran və Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə əlaqədar birgə anlaşmanın əldə olunması üzrə siyasi və texniki-hüquqi səviyyələrdə danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.
“İran və Oman xarici işlər nazirləri arasında Məsqətdə iki sahilyanı ölkə olaraq Hörmüz boğazından keçidin idarə olunması və bu boğazda gəmiçilik üzrə tədbirlər barədə koordinasiya məqsədilə danışıqlar aparılıb”, -deyə o bildirib.
Bəqai bildirib ki, danışıqlarda iki ölkənin texniki və hüquqi heyətləri də iştirak edib. Danışıqlarda iki sahilyanı ölkənin beynəlxalq hüququna riayət edilməsi və eləcə də İslamabad anlaşma memorandumunun 5-ci maddəsinə uyğun olaraq Hörmüz boğazında təhlükəsizliyin təmin olunması və gəmilərin təhlükəsiz keçidi haqda fikir mübadiləsi aparılıb.
“Ötən bir neçə ay ərzində baş verən hadisələri, xüsusilə də ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarını və Hörmüz boğazında gəmiçiliyə yaranan təhlükəli hadisələri nəzərə alaraq İran iki sahilyanı ölkə arasında məsləhətləşmə ilə Hörmüz boğazında gələcək keçidin idarə olunması üzrə tədbirlərin tənzimlənməsinin vacibliyini qeyd edir”, -deyə o əlavə edib.
Bəqai deyib ki, Məsqətdə baş tutan danışıqlarda son aylarda ABŞ və İran arasında müzakirələrdə vasitəçi kimi iştirak edən regionun önəmli ölkələrindən biri olaraq Qətərin də heyəti iştirak edib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayaraq bildirib ki, 12 iyulda ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıblar. Bu, son bir həftə ərzində İrana qarşı həyata keçirilən üçüncü hücum olub. Hücum İranın Hörmüz boğazında kommersiya gəmisinə endirdiyi zərbə ilə əlaqədar həyata keçirilib. ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İranın təxminən 140 hərbi hədəfinə zərbələr endirib.
Əlavə edək ki, İran da region ölkələrində ABŞ-yə məxsus hərbi mövqeləri atəşə tutduğunu bildirib.