Türkiyə hakimiyyət orqanlarının ölkənin Qara dəniz bölgəsində vaxtaşırı aşkarlanan dronlarda partlayıcı maddələrin olması ehtimalı ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Sakarya vilayətinin 61 yaşlı sakini Ali Çabuk sahildə tapdığı dronu maşınına yükləyərək evinə aparıb və bundan sonra “tapıntı” barədə jandarmaya məlumat verib.
“İki sahil” xəbər verir ki, təhlükəsizlik qüvvələri həmin sakinin Karasu rayonundakı evini dərhal mühasirəyə alıb və ilkin araşdırmadan sonra dronu müayinə üçün müsadirə edib.
Dronu tapan kişi hüquq-mühafizə orqanlarına bildirib ki, süni intellekt proqramında onun potensial təhlükəsi barədə soruşduqdan sonra PUA-nı öz bağçasına gətirib.
“Süni intellekt onun bomba olmadığını bildirdi. Sonra cihazı bağçama aparmaq qərarına gəldim. Həyat yoldaşım və nəvəm 15-20 kiloqramlıq dronu yükləməyə kömək etdilər”, -deyə Çabuk dindirmə zamanı qeyd edib.
Hadisə ilə bağlı istintaq davam edir. Rusiya ilə Ukrayna arasında davam edən müharibə və Qara dənizdə gəmilərə intensiv hücumlar fonunda Türkiyənin müxtəlif vilayətlərində nəzarətdən çıxmış dəniz və hava dronları tez-tez aşkar edilir. Partlayıcı maddələrin olması səbəbindən onların əksəriyyəti yerindəcə məhv edilir.