Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqində fəal rol oynayan, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini davamlı şəkildə möhkəmləndirən dövlətdir. Şuşa Qlobal Media Forumu isə həmin baxışların beynəlxalq auditoriyaya çatdırıldığı, açıq dialoq və qarşılıqlı fikir mübadiləsinin aparıldığı nüfuzlu platformaya çevrilib. Prezident İlham Əliyevin bu forumda çıxışı Azərbaycanın xarici siyasət kursunu, beynəlxalq əməkdaşlıq prioritetlərini və qlobal proseslərə baxışını özündə ehtiva edən mühüm siyasi mesajlarla yadda qalıb.
Forumun əsas üstünlüklərindən biri dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinin Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərini yerində görmək imkanı əldə etməsidir. Bu amillər həm Qarabağ həqiqətlərinin obyektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasına, həm də Azərbaycanın postmünaqişə dövründə reallaşdırdığı inkişaf modelinin nümayişinə xidmət edir. Şuşa beləliklə təkcə tarixi irsin deyil, həm də informasiya diplomatiyasının mühüm mərkəzi kimi çıxış edir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycan–Türkiyə münasibətlərinə xüsusi yer ayrılıb. İki ölkə arasındakı münasibətlər dünyada bənzəri az olan qardaşlıq və müttəfiqlik modelidir. Siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji layihələrindən nəqliyyat bağlantılarına, müdafiə sahəsindən humanitar əlaqələrə qədər bütün istiqamətlərdə formalaşmış sıx tərəfdaşlıq regionda sabitliyin və təhlükəsizliyin mühüm təminatçılarından biridir.
Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan–Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib və bu sənəd iki ölkə arasında strateji əməkdaşlığın hüquqi-siyasi əsasını daha da möhkəmləndirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik. Bu münasibətlər qarşılıqlı etimad, ortaq maraqlar və siyasi iradə üzərində qurulub. Ortaq tarix, dil və mədəniyyət Azərbaycan ilə Türkiyə arasında mənəvi əlaqələri daha da gücləndirir. Lakin münasibətlərin əsasını yalnız bu amillər deyil, qarşılıqlı hörmət, strateji baxış və ortaq məqsədlər təşkil edir. Bu gün Azərbaycan–Türkiyə əməkdaşlığı region ölkələri üçün uğurlu tərəfdaşlıq modeli kimi qəbul edilir və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycan–ABŞ münasibətlərinə dair vurğulanan fikirlər də diqqət mərkəzində olub. Dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdiyini, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal iş aparıldığını vurğulayıb. Ticarət, investisiyalar, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, nəqliyyat bağlantıları və müdafiə sahələrində yaradılmış əməkdaşlıq mexanizmləri münasibətlərin yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, enerji və nəqliyyat sahəsində etibarlı tərəfdaş kimi rolunun artmasına, eyni zamanda regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından yeni imkanların formalaşmasına xidmət edir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafına şərait yaradır.
Forum çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın İslam dünyasında oynadığı rola da toxunub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcək olması da Azərbaycanın İslam dünyasında qazandığı yüksək etimadın və nüfuzun göstəricisidir.
Müasir beynəlxalq münasibətlər sistemində Yaxın Şərqdə, Körfəz bölgəsində və digər ərazilərdə müşahidə olunan gərginliklər fonunda həmrəyliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsləri də məhz dialoqun, qarşılıqlı hörmətin və əməkdaşlığın təşviqinə xidmət edir. Bu yanaşma ölkəmizin xarici siyasətinin əsas prinsiplərindən biri kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi uğurlu fəaliyyətə də toxunub. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz müxtəlif siyasi baxışlara malik dövlətlər arasında dialoqun qurulmasına və ortaq mövqelərin formalaşdırılmasına mühüm töhfə verir. Azərbaycanın sədrliyinin yekdilliklə uzadılması beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadının və hörmətinin bariz ifadəsi idi. Eyni yanaşma ölkəmizin COP29-a sədrliyi dövründə də öz nəticəsini verib. Müxtəlif maraqlara malik ölkələrin ortaq qərarlar ətrafında bir araya gətirilməsi Azərbaycanın konstruktiv və nəticəyönümlü diplomatiyasının uğurunu nümayiş etdirir. Bu faktorlar ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
Azərbaycanın xarici siyasətinin əsas xətti dialoqun, əməkdaşlığın və qarşılıqlı etimadın təşviqinə əsaslanır. Məhz bu siyasət nəticəsində Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul edilir, müxtəlif platformalarda təşəbbüsləri dəstəklənir və qlobal proseslərdə fəal iştirak edir. Bu gün Azərbaycan sülhün, əməkdaşlığın, enerji təhlükəsizliyinin və beynəlxalq dialoqun təşviqinə mühüm töhfələr verən dövlət kimi qlobal nüfuzunu davamlı şəkildə artırır. Şuşa Qlobal Media Forumu isə bu siyasətin dünyaya təqdim olunduğu, beynəlxalq ictimaiyyətlə açıq dialoqun qurulduğu və Azərbaycanın strateji baxışının nümayiş etdirildiyi ən nüfuzlu beynəlxalq platformalardan biri kimi öz əhəmiyyətini ildən-ilə daha da gücləndirir.
Nurlan Həsənov,
Milli Məclisin deputatı