21 iyul 2026 11:48
241

Kamran Bayramov: Azərbaycan və Almaniya arasında strateji dialoqun yeni mərhələsi başlayır

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri müasir dövlətlərarası münasibətlərin inkişafında müstəsna əhəmiyyət kəsb edən mühüm mərhələyə çevrilir. Qlobal geosiyasi mənzərənin sürətlə dəyişdiyi, Avropanın təhlükəsizlik və iqtisadi arxitekturasının yenidən formalaşdığı bir şəraitdə Bakı ilə Berlin arasındakı tərəfdaşlıq keyfiyyətcə yeni, strateji ölçü qazanır."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramovİki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, müstəqil Azərbaycan ile Almaniya arasında diplomatik əlaqələr 1992-ci ildə bərqərar olunsa da, ikitərəfli əməkdaşlığın tarixi kökləri daha dərin qatlara nüfuz edir. XIX əsrin əvvəllərində Cənubi Qafqaza köçərək məskənini salmış alman məskunlaşmaları hər iki xalqın mədəni və iqtisadi hafizəsində mühüm iz qoymuşdur. Onların miras qoyduğu memarlıq və mədəni irs bu gün də ölkələrimizi bağlayan möhkəm humanitar körpü rolunu oynamaqdadır. Postsovet dövründə isə bu münasibətlər praqmatizm, qarşılıqlı iqtisadi maraqlar və hörmət prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etmişdir.

Deputat  diqqətə çatdırıb ki, rəsmi Bakı Berlinə Avropa İttifaqı məkanında əsas tərəfdaş kimi yanaşmış, Almaniya isə öz növbəsində Azərbaycanı Cənubi Qafqazda sabitliyin etibarlı dayağı və regionun aparıcı iqtisadi aktoru kimi qəbul etmişdir. Son illərdə ikitərəfli siyasi dialoqun dinamikası xüsusilə intensiv xarakter almışdır; Azərbaycan dövlət başçısının AFR-ə səfərləri, Münxen Təhlükəsizlik Konfransı və Petersberq İqlim Dialoqu çərçivəsindəki fəal iştirakı, eləcə də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya tarixi səfəri qarşılıqlı etimadı görünməmiş yüksək səviyyəyə qaldırmışdır.

K.Bayramov  əlavə edib ki, müasir mərhələdə Bakı və Berlin arasında çoxşaxəli əməkdaşlıq spektri artıq ənənəvi ticarət çərçivələrini xeyli aşmışdır. Almaniya Cənubi Qafqaz regionunda Azərbaycanın ən iri ticarət tərəfdaşı mövqeyini qoruyub saxlayır; hazırda ölkəmizdə maşınqayırma, logistika, energetika, tikinti və xidmət sahələrində uğurla fəaliyyət göstərən iki yüzdən çox alman şirkəti mövcuddur. Qlobal enerji çağırışlarının kəskinləşdiyi bir dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynamaqdadır. Karbohidrogen ehtiyatlarının tədarükü ilə yanaşı, yaşıl energetika sahəsində əməkdaşlıq perspektivləri uzunmüddətli tərəfdaşlıq üçün möhkəm bünövrə formalaşdırır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın geosiyasi mövqeyi və Orta Dəhlizin açar halqası olması, ixracat yönümlü Almaniya iqtisadiyyatı üçün təhlükəsiz və şaxələndirilmiş logistik zəncirlərin qurulması baxımından xüsusi dəyər kəsb edir. Bununla yanaşı, hidrogen energetikası da daxil olmaqla bərpa olunan enerji mənbələri, "ağıllı kənd təsərrüfatı" və rəqəmsallaşma kimi sahələr Almaniyanın qabaqcıl texnologiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi üçün geniş üfüqlər açır.

Sonda K.Bayramov vurğulayıb ki, İlham Əliyevin Almaniyaya cari səfəri əldə olunmuş uğurları möhkəmləndirmək və orta müddətli dövr üçün tərəfdaşlığın konturlarını müəyyənləşdirmək məqsədi daşıyır. Danışıqların diqqət mərkəzində iqtisadi əməkdaşlığın təsisatlaşdırılması, o cümlədən Alman İqtisadiyyatının Şərq Komitəsinin platformaları vasitəsilə qeyri-neft bölməsində birgə layihələrin dəstəklənməsi dayanır. Bununla yanaşı, Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri, eləcə də regionda davamlı sülhün bərqərar olunmasında və kommunikasiyaların açılmasında Berlinin və Avropa İttifaqının rolu strateji müzakirə mövzusudur. Yekun etibarilə, bu səfər Bakı və Berlinin bir-birini təkcə ənənəvi tərəfdaş kimi deyil, Avrasiya məkanında sabitlik, iqtisadi artım və etibarlı qarşılıqlı əlaqələrin təminatçısı olan strateji müttəfiqlər kimi qəbul etdiyini bir daha təsdiqləyir.