21 iyul 2026 15:58
217

Müasir Azərbaycan mediasının inkişaf strategiyası

XIX əsrin ikinci yarısında Azərbaycanda maarifçilik hərəkatının genişlənməsi, milli düşüncənin formalaşması və ana dilinin inkişaf etdirilməsi zərurəti milli mətbuatın meydana çıxmasını şərtləndirdi. O, mətbuatı cəmiyyətin inkişafının, xalqın maariflənməsinin və milli özünüdərkin ən təsirli vasitələrindən biri hesab edirdi. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 151 ildə xalqın milli şüurunun formalaşmasına, azadlıq ideyalarının yayılmasına, dövlətçilik düşüncəsinin möhkəmlənməsinə və cəmiyyətin inkişafına misilsiz töhfələr vermişdir. Həsən bəy Zərdabi başda olmaqla qabaqcıl Azərbaycan ziyalılarının böyük ümidlərlə ərsəyə gətirdiyi “Əkinçi” çar imperiyasının təhdid və təzyiqləri nəticəsində cəmi iki il nəşr olunsa da milli düşüncənin sarsılmaz təməlini yaratdı və sonrakı mətbuat ənənələrinin ideya qaynağı oldu. Mədəniyyətimizin, ictimai fikrimizin və milli özünüdərkimizin inkişafında mühüm rol oynayan bu irs sonrakı dövrlərdə “Molla Nəsrəddin”, “Füyuzat”, “Şərqi-Rus” və digər mətbu nəşrlərdə daha da zənginləşdirilərək maarifçilik hərəkatının aparıcı qüvvəsinə çevrildi. XX əsrin əvvəllərində milli mətbuat Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə mətbuat azad siyasi fikrin tribunası oldu, istiqlal ideyalarının təbliğinə və gənc respublikanın beynəlxalq aləmdə tanıdılmasına mühüm xidmət göstərdi. Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə mətbuat tamamilə dövlət nəzarətinə keçdi. Sovet imperiyası dövründə müstəqil media anlayışı faktiki olaraq mövcud deyildi. Kütləvi informasiya vasitələri yalnız kommunist ideologiyasının təbliği funksiyasını yerinə yetirir, cəmiyyətə obyektiv və alternativ informasiya çatdırmaq imkanından məhrum edilirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra söz və mətbuat azadlığının təmin olunması istiqamətində yeni mərhələnin əsası qoyuldu. Müstəqil media formalaşmağa başlasa da ilk illərdə mövcud olan senzura və digər məhdudiyyətlər bu sahənin tam inkişafına maneə yaradırdı.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar mətbuatın sərbəst fəaliyyətini təmin edən hüquqi və institusional əsasları formalaşdırdı. 1998-ci ilin avqustunda dövlət senzurasının ləğvi Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri oldu. Bunun nəticəsində media daha müstəqil fəaliyyət göstərmək, cəmiyyətin obyektiv məlumatlandırılmasını təmin etmək imkanı qazandı. Ulu Öndər Heydər Əliyev  çıxışlarında mətbuatın dövlət və cəmiyyət qarşısında məsuliyyətini xüsusi vurğulayırdı: "Mətbuat böyük qüvvədir. Bu qüvvədən xalqın, dövlətin və cəmiyyətin mənafeləri naminə istifadə edilməlidir." Məhz həmin dövrdə söz azadlığının hüquqi təminatının möhkəmləndirilməsi, müstəqil qəzetlərin inkişafı və medianın fəaliyyətinə dövlət müdaxiləsinin minimuma endirilməsi istiqamətində mühüm addımlar atıldı.

Prezident İlham Əliyev tərəfindən media siyasətinin ardıcıl şəkildə davam etdirilməsi milli jurnalistikanın inkişafına yeni məzmun qazandırdı. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır: "Azərbaycanda söz azadlığı tam təmin edilir. Azad media cəmiyyətimizin inkişafı üçün vacib amildir." Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və peşəkar jurnalistikanın inkişafı istiqamətində ardıcıl dövlət proqramları həyata keçirilir. Rəqəmsal transformasiya medianın fəaliyyət prinsiplərini də dəyişdirib. İnternet media, sosial şəbəkələr, mobil platformalar və süni intellekt informasiyanın hazırlanması və yayılması prosesini tamamilə yeni mərhələyə çıxarıb. Bununla yanaşı, dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının artması peşəkar jurnalistikanın rolunu daha da yüksəldib. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, media subyektlərinə tətbiq olunan vergi güzəştləri və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş islahatlar müasir Azərbaycan mediasının inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Hərbçilərimiz Vətənin keşiyində silahla dayanırlarsa, jurnalistlər də sözün kəsəri və həqiqətin gücü ilə milli maraqlarımızı qoruyurlar. Azərbaycan mediası bu məsuliyyəti xüsusilə Vətən müharibəsi dövründə yüksək səviyyədə nümayiş etdirdi. İnformasiya cəbhəsində aparılan peşəkar fəaliyyət nəticəsində ölkəmizin haqlı mövqeyi beynəlxalq auditoriyaya çatdırıldı, düşmənin yalan təbliğatı faktlarla ifşa olundu.

Müasir mərhələdə Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri milli informasiya resurslarının rəqabət qabiliyyətini artırmaq, gənc jurnalistlərin peşə hazırlığını gücləndirmək, yeni texnologiyaların tətbiqini genişləndirmək və cəmiyyətdə media savadlılığını yüksəltməkdir

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri