22 iyul 2026 10:03
133

Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur

Azərbaycan mətbuatı 151 yaşını qeyd edir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat ənənəsi yeni bir dövrün başlanğıcı oldu. “Əkinçi” Azərbaycan cəmiyyətində maarifçilik ideyalarının yayılmasına, milli kimliyin formalaşmasına və ictimai fikrin inkişafına güclü təsir göstərdi. Müstəqillik dövründə isə Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi media siyasəti, xüsusilə 1998-ci ildə senzuranın ləğv edilməsi ölkədə söz və mətbuat azadlığının inkişafına mühüm təkan verdi. Bunun nəticəsində Azərbaycan jurnalistikası daha müasir prinsiplər əsasında formalaşdı, cəmiyyətin məlumatlandırılmasında və ictimai nəzarətin təmin olunmasında rolunu daha da gücləndirdi. Sonrakı illərdə qanunvericilik bazasının təkmilləşdirilməsi, informasiya texnologiyalarının inkişafı və media institutlarının güclənməsi milli mətbuatın rəqabət qabiliyyətini artırdı.

Bu gün Azərbaycan mediası dövlətin beynəlxalq informasiya siyasətinin mühüm iştirakçılarından biridir. Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Əgər əvvəllər müharibələr əsasən silahlarla aparılırdısa, indi informasiya məkanı da əsas döyüş meydanlarından biri hesab olunur. Dezinformasiya, saxta xəbərlər, manipulyasiya texnologiyaları və sosial şəbəkələr vasitəsilə aparılan psixoloji təsir kampaniyaları dövlətlər üçün ciddi çağırış yaradır. Bu reallıq 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü xüsusilə qabarıq göstərdi. Azərbaycan döyüş meydanında tarixi Zəfər qazandığı kimi, informasiya cəbhəsində də üstünlüyünü qorudu. Azərbaycan mediası beynəlxalq ictimaiyyəti operativ cə dəqiq informasiya ilə təmin etdi, düşmən tərəfindən yayılan çoxsaylı dezinformasiyaların ifşasında fəal rol oynadı. Dünyanın aparıcı media qurumları hadisələrlə bağlı operativ və dəqiq məlumatları əsasən Azərbaycan mənbələrindən əldə edirdi. Dövlət qurumlarının, xüsusilə Prezident İlham Əliyevin xarici mediaya verdiyi çoxsaylı müsahibələr informasiya müharibəsində Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm rol oynadı.
İnformasiya müharibəsi hərbi əməliyyatların başa çatması ilə bitməyib. Əksinə, postmünaqişə dövründə bu mübarizə daha mürəkkəb xarakter alıb. Bu gün Azərbaycan haqqında qərəzli məlumatların yayılması, tarixi faktların təhrif edilməsi və ölkəmizə qarşı müxtəlif informasiya kampaniyalarının aparılması göstərir ki, media daim ayıq-sayıq olmalı, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalmalıdır.
Süni intellekt, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə medianın qarşısında yeni və daha mürəkkəb vəzifələr dayanır. Süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, kiberhücumlar və informasiya manipulyasiyası jurnalistikanın fəaliyyətinə yeni risklər gətirib. Bu şəraitdə operativlik qədər dəqiqlik, xəbərin ilk verilməsi qədər onun doğruluğunun yoxlanılması da əsas peşə meyarına çevrilir. Media savadlılığının artırılması, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və rəqəmsal təhlükəsizliyin təmin edilməsi bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Bu reallıqlar fonunda artıq 4-cü ildir keçirilən Şuşa Qlobal Forumu bir da vacib əhəmiyyət kəsb edir.
Bu gün müasir media təkcə informasiya daşıyıcısı deyil, həm də ictimai etimadın, dövlət təhlükəsizliyinin və beynəlxalq kommunikasiyanın mühüm elementidir.
Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərini qorumaqdır. Saxta xəbərlərin qlobal miqyas aldığı, informasiya manipulyasiyalarının geniş yayıldığı şəraitdə cəmiyyətin etibarlı informasiya ilə təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Milli media həm vətəndaşların düzgün məlumat almaq hüququnu təmin etməli, həm də ölkənin milli maraqlarını beynəlxalq informasiya məkanında layiqincə müdafiə etməlidir.
Təəssüf ki, bəzi hallarda xarici təsir mərkəzlərinin media üzərindən ictimai rəyə təsir göstərmək, dövlətə və cəmiyyətə qarşı manipulyasiya aparmaq cəhdləri müşahidə olunur. Məqsəd Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, həyata keçirdiyi siyasətlə bağlı mənfi rəy formalaşdırmaq və regionda yaranmış yeni reallıqlara kölgədə salmaqdır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial media platformalarının geniş auditoriyaya çıxışı və süni intellekt imkanlarının artması bu cür manipulyasiya cəhdlərini daha mürəkkəb və təsirli edir. Lakin Azərbaycan milli mətbuatı tarix boyu olduğu kimi, bu gün də dövlətçilik maraqlarını əsas prioritet hesab edir və milli maraqları hər cür şəxsi və ya qrup maraqlarından üstün tutur. Azərbaycan jurnalistikasının çoxəsrlik ənənəsi göstərir ki, milli mətbuat ən çətin sınaqlardan belə peşəkarlıq və məsuliyyətlə çıxmağı bacarıb.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz vahid siyasət aparırıq. Dövlət və media milli maraqları müdafiə edir. Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz.” Bu yanaşma müasir dövrdə Azərbaycan mediasının fəaliyyət fəlsəfəsini də ifadə edir. Çünki güclü dövlətin güclü mediası yalnız informasiyanı çatdıran deyil, həm də həqiqəti qoruyan, milli maraqları müdafiə edən və cəmiyyətin etibarlı informasiya təminatını həyata keçirən mühüm institutdur.

Könül Nurullayeva,
Milli Məclisin deputatı