22 iyul 2026 19:48
150

Azərbaycan dostları ilə güclüdür

Bu gün “Qoca qitə”də bilirlər ki, Avropada enerji təhlükəsizliyi məsələsinin prioritetə çevrildiyi, beynəlxalq nəqliyyat marşrutlarının yenidən formalaşdığı indiki dövrdə Azərbaycanın rolu böyük önəm kəsb edir. Azərbaycan artıq dünyada yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda, Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən biri kimi çıxış edir. İllər uzunu görülmüş işlər, yaradılmış infrastruktur buna əlverişli zəmin yaradıb. Qeyd etməliyik ki, Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri, Orta Dəhlizin inkişafı və yaşıl enerji sahəsində həyata keçirilən təşəbbüslər ölkəmizi Avropanın etibarlı tərəfdaşına çevirib. Cəzbedici layihələrə qoşulan ölkələrin sayı getdikcə artır, əhatə dairəsi genişlənir. Azərbaycan liderinin Almaniyaya səfəri dünya KİV-lərində geniş müzakirə mövzusuna çevrilib. Bəziləri uğurlarımızdan məmnun qalır, bəziləri isə onlara bədxahlıqla yanaşır, müxtəlif tünd rənglər verirlər.

Prezident İlham Əliyev səfər çərçivəsində Almaniya Federal Kansleri Fridrix Mertslə birgə keçirdiyi mətbuat konfransında bir çox məsələlərdə qarşılıqlı əməkdaşlıqdan bəhs edərək bildirdi: “ Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir.

İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə Sizinlə həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüş əsnasında fikir mübadiləsi aparmışıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.”

Bunun ardınca Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Yəqindir ki, səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür.

Almaniya Avropa İttifaqının aparıcı iqtisadi gücü kimi Azərbaycanla əməkdaşlığın perspektivlərini real iqtisadi maraqlar üzərində qurur. Enerji, sənaye, yüksək texnologiyalar, yaşıl iqtisadiyyat və logistika istiqamətlərində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə alman şirkətlərinin artan marağı da bunun bariz göstəricisidir. Qısaca desək, Azərbaycan-Almaniya iqtisadi əlaqələri bundan sonra daha da möhkəmlənəcək, hər iki tərəf bundan fayda görəcək. Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevin irəli sürdüyü bütün məslələrlə razı olduğunu bildirdi.

Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzaladıqları "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" böyük əhəmiyyətə malikdir

Vurğulamaq lazımdır ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara söykənən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün ölkəmiz müxtəlif geosiyasi mərkəzlərlə bərabərhüquqlu münasibətlər quran, etibarlı tərəfdaş imicini qoruyan və regional sabitliyə mühüm töhfə verən dövlət kimi qəbul edilir. Bu səfər siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, investisiya imkanlarının artmasına və Azərbaycan-Avropa əməkdaşlığının yeni məzmun qazanmasına mühüm təkan verəcək. Ən əsası, qarşılıqlı iqtisadi əlaqələr yeni səviyyəyə yüksələcək. Bu səfər, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, nəqliyyat bağlantılarında və regional əməkdaşlıq platformalarında oynadığı strateji rolun bir daha təsdiqi olacaq.  Dünyada etibarlı tərəfdaş kimi tanınmış Azərbaycan öz ətrafına dostlar toplamaqda yeni bir nümunə göstərir. Beləliklə, ölkəmizin nüfuz dairəsi daha da genişlənir.

Vəli İlyasov, “İki sahil”