27 iyul 2026 22:05
94

Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa edib

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Qara dəniz üzərindən xam neft ixracını yenidən bərpa edib. Bu barədə Rumıniyanın Antena 3 CNN telekanalı məlumat yayıb.

“İki sahil” xəbər verir ki, bir həftə davam edən fasilədən sonra Rusiyanın Novorossiysk limanındakı CPC terminalında neft yükləmə əməliyyatları yenidən başlayıb və ilk tanker partiyaları dünya bazarlarına yola salınır.

Məlumata görə, CPC operatoru təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra terminalın fəaliyyətini bərpa edib. Hazırda bir neçə tanker Novorossiysk limanında Qazaxıstan nefti ilə yüklənir, daha bir neçə gəminin isə yaxın günlərdə limana daxil olacağı gözlənilir.

Qazaxıstanın Energetika Nazirliyi də ixrac əməliyyatlarının bərpa olunduğunu təsdiqləyib. Nazirlik bildirib ki, boru kəməri sistemində yükləmə prosesinin yenidən başlaması ilə əlaqədar neft hasilatının da mərhələli şəkildə əvvəlki səviyyəyə qaytarılması planlaşdırılır.

Son günlər Novorossiysk terminalı yaxınlığında yaranmış təhlükəsizlik riskləri səbəbindən CPC marşrutu üzrə yükləmələr müvəqqəti dayandırılmışdı. Nəticədə Qazaxıstan neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağa məcbur olmuş və bu vəziyyət dünya enerji bazarında narahatlıq yaratmışdı.

Rumıniya üçün bu marşrut xüsusi əhəmiyyət daşıyır. Çünki ölkənin ən böyük neft emalı müəssisəsi olan Petromidia zavodu əsasən Qazaxıstan nefti ilə işləyir. Son günlər ixracın dayanması Rumıniyada mümkün yanacaq qıtlığı və qiymət artımı ilə bağlı narahatlıqları artırmışdı.

Enerji bazarı üzrə mütəxəssislər hesab edirlər ki, ixracın bərpası Rumıniya və digər Avropa ölkələri üçün qısamüddətli riskləri azaltsa da, hadisələr Qazaxıstan neftinin əsasən Rusiyanın nəzarətində olan Novorossiysk marşrutundan asılı qalmasının yaratdığı strateji problemləri bir daha üzə çıxarıb. Onların fikrincə, Avropa uzunmüddətli perspektivdə alternativ ixrac dəhlizlərinin inkişafını sürətləndirməlidir.

Ekspertlər bildirirlər ki, bu baxımdan Azərbaycan üzərindən keçən enerji marşrutlarının əhəmiyyəti daha da artır. Xəzər dənizi vasitəsilə Azərbaycana daşınan Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Aralıq dənizi sahillərinə çatdırılması Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün əsas alternativlərdən biri hesab olunur.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstanın neft ixracının 80 faizdən çoxunu həyata keçirir və dünya üzrə ən mühüm xam neft ixrac marşrutlarından biri hesab olunur.