Hər bir xalqın milli kimliyini yaşadan ən böyük mənəvi sərvət onun ana dilidir. Dil xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini, adət-ənənələrini və milli yaddaşını nəsildən-nəslə ötürən müqəddəs körpüdür. Məhz buna görə də Azərbaycan xalqı əsrlər boyu ana dilini qorumağı öz varlığını qorumaq qədər vacib hesab etmişdir. Bu gün ölkəmizdə hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü də ana dilimizə dövlət və xalq səviyyəsində göstərilən yüksək ehtiramın təzahürüdür.
Azərbaycan dili zəngin tarixi inkişaf yolu keçmiş, türk dilləri ailəsinin ən qədim və ən inkişaf etmiş dillərindən biri kimi formalaşmışdır. Zəngin lüğət tərkibi, ahəngdarlığı və ifadə imkanları Azərbaycan xalqının minilliklər boyu yaratdığı mədəni irsin ayrılmaz hissəsidir.
Lakin ana dilimizin bu günə gəlib çatması heç də asan olmamışdır. Xüsusilə keçmiş ittifaq dövründə milli dillərin sıxışdırılması siyasəti Azərbaycan dilinin inkişafına ciddi maneələr yaradırdı. Belə bir mürəkkəb tarixi şəraitdə Azərbaycan dilinin hüquqlarını müdafiə etmək böyük siyasi iradə və qətiyyət tələb edirdi. Bu tarixi missiyanı isə Ulu Öndər Heydər Əliyev uğurla yerinə yetirdi.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının hazırlanması zamanı Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəasının Konstitusiyada əks olunması milli tariximizin ən mühüm hadisələrindən biri oldu. Həmin dövrdə ittifaq respublikalarının əksəriyyətində belə bir hüquqi norma mövcud deyildi. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi Azərbaycan xalqının milli maraqlarının müdafiəsində mühüm dönüş nöqtəsinə çevrildi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ana dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dövlət quruculuğunun əsas nailiyyətlərindən biri idi. Ardınca qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dövlət dilinin tətbiqi, qorunması və inkişafı üçün möhkəm hüquqi baza formalaşdırdı.
Dil siyasətinin sistemli şəkildə həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı dövlət dilinin bütün sahələrdə istifadəsinin genişləndirilməsində mühüm mərhələ oldu. Həmin Fərman əsasında Dövlət Dil Komissiyasının yaradılması Azərbaycan dilinin elmi əsaslarla qorunmasına və inkişaf etdirilməsinə yeni imkanlar yaratdı.
Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis olunması isə milli-mənəvi dəyərlərimizin qorunmasına verilən yüksək qiymətin ifadəsi idi. Bu əlamətdar gün latın qrafikalı əlifbaya keçidin uğurla başa çatmasının, müasir Azərbaycan dövlətinin milli-mədəni siyasətinin mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü. Ümummilli Liderin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar nəticəsində Azərbaycan dilinin istifadəsi bütün sahələrdə daha da genişlənmişdir. Latın qrafikalı nəşrlərin artırılması, klassik və dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi, elektron məkanda Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi bu siyasətin mühüm istiqamətləridir.
Müasir dövrdə rəqəmsal texnologiyalar, sosial şəbəkələr və süni intellektin sürətli inkişafı ana dilimizin qarşısında yeni çağırışlar yaradır. Bu baxımdan, Azərbaycan dilinin informasiya texnologiyalarında, elektron resurslarda və beynəlxalq rəqəmsal platformalarda daha geniş istifadə olunması strateji əhəmiyyət daşıyır. Dilin müasir texnologiyalara uyğun inkişafı gələcək nəsillər üçün daha əlçatan və rəqabətqabiliyyətli olmasını təmin edir.
Ana dilinə hörmət yalnız dövlət siyasəti ilə məhdudlaşmır. Hər bir ailə, hər bir məktəb, hər bir ziyalı və hər bir vətəndaş Azərbaycan dilinin saflığının qorunmasına öz töhfəsini verməlidir. Düzgün danışmaq, düzgün yazmaq, orfoqrafiya və orfoepiya normalarına riayət etmək milli mədəniyyətə və dövlətçiliyə hörmətin göstəricisidir.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla soydaşımız üçün Azərbaycan dili milli həmrəyliyin təntənəsidir. Həmvətənlərimizin ana dilini yaşatması Azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Ümummilli Lider Heydər Əliyevin “Dil hər bir millətin milliliyinin əsasıdır” fikri bu gün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü dil siyasəti isə Azərbaycan dilinin yalnız bugünkü deyil, gələcək inkişafının etibarlı təminatıdır.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün milli qürur, mənəvi məsuliyyət və vətənpərvərliyi təcəssüm etdirir. Ana dilimizi qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər birimizin müqəddəs borcudur. Çünki Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın milli varlığını, dövlət müstəqilliyini və mənəvi birliyini yaşadan əbədi sərvətdir.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı