29 iyul 2026 01:26
83

Siyasi xəttə iqtisadi zərbə...

Rusiyanın bu günlərdə qəbul etdiyi yeni qərar Ermənistanın ixrac sektoruna növbəti ağır zərbə vurub. Məlumdur ki, bundan əvvəl də bu ölkənin bəzi malları sıxışdırılaraq bazardan çıxarılıb. Məsələn, bir vaxt defisitə çevrilmiş və vəzifəli şəxslərin masasının bəzəyi olan “İrəvan konyakı”nın və məşhur Cermux mineral suyunun satışına qadağan qoyulmuşdu. Səbəbi guya tərkiblərində nəsə çatmır və o işkilər standartlara uyğun gəlmir. Meyvə quruları, tərəvəz məhsulları da o sıradandır. Bu tədbirlər həmin məhsulların heç də standartlara cavab vermədiyi üçün görülməyib. Rusiyanın Ermənistanı Avropaya üz tutmasından çəkindirmək məqsədi daşıyan tədbirlər silsiləsindən yalnız biridir.

Baş nazir Nikol Paşinyan inadla öz siyasi xəttini-“mərkəzdənqaçma”nı yeritdikcə rəsmi Moskva qəzəblənir, iqtisadi qadağanlar tətbiq etməklə onu ram etməyə cəhdlər edir. İki ölkə arasında bu cür münasibət artıq bir neçə ildir ki, davam etməkdədir. O illərdə yeganə quru yolu hərbi Gürcüstan yolundan keçib Rusiyaya daxil olan magistral yol müxtəlif bəhanələrlə bağlanır, Ermənistanın tez xarab olan kənd təsərrüfatı məhsulları günlərlə qalaraq zay olurdu. Moskvada düşünürdülər ki, bu minvalla iqtisadi çətinliyə dözməyən Ermənistan tezliklə peşman olub “öz yoluna” qayıdar. Yəni bu məqsədə xidmət edən təbirlərin hamısı Ermənistanı çıxılmaz vəziyyətə salıb onu “mərkəzin” tabeliyinə qaytarmaq idi. Ancaq elə olmadı, Ermənistan siyasi xəttindən sapmadı. Əksinə, Avropa ilə münasibətləri daha da sıxlaşdırdı, onlardan dəstək aldı. Odur ki, həmlələri effekt verməyən Rusiya yenidən əks-hücuma keçərək yeni qadağalar tətbiq edib.

RIA Novosti-nin yaydığı məlumata görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) bir neçə gündür ki, Ermənistandan süd məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Bu, son dövrlərdə tətbiq edilən məhdudiyyətlər silsiləsinin davamıdır. Daha əvvəl Ermənistanın gül-çiçək, tərəvəz, giləmeyvə, meyvə, üzüm, kartof, quru meyvələr, bütün bitki mənşəli məhsullarının və balıq məhsullarının Rusiyaya ixracına da qadağalar qoyulmuşdu.

RIA Novosti-nin rəsmi statistika əsasında apardığı hesablamalara görə, Ermənistan Rusiya bazarını itirəcəyi halda süd məhsullarının ixracından əldə etdiyi gəlirin təxminən 80 faizini itirə bilər. Halbuki Rusiya bazarlarında bu məhsullar həvəslə alınırdı.

2025-ci ilin yekunlarına əsasən, Ermənistan pendir, süd, kərə yağı, yumurta və digər süd məhsullarının dünya bazarlarına ixracından 20,2 milyon dollar gəlir əldə edib. Bu gəlirin 79,3 faizi məhz Rusiya bazarının payına düşüb. Rəqəmlər göstərir ki, Ermənistan tədricən qopmaq istədiyi ölkədən xeyli dərəcədə asılı vəziyyətdədir. İki əsrlik iqtisadi münasibətləri birdən-birə qırmaq mümkün deyil. Bunu başa düşən baş nazir Paşinyan da vəziyyətə uyğun olaraq dərhal addımlar atmaqda tələsmir, şirnikləndirici vədlər verərək sakitləşdirici mühit yaradır. Xatirimizdədir ki, Paşinyan Rusiya Baş nazirinin İrəvana göndərdiyi müavinlərini və digər yüksək vəzifəli şəxsləri bu qayda ilə qarşılayıb yola salırdı. İndilikdə bu, ən məqbul siyasətdir, desək, yəqin səhv etmərik.

Son günlər mətbuatda yayılan məlumatlara görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Xəbər verilir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti rəsmi məlumat yayıb. Telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı, iqtisadi əlaqələrdə yaranmış problemlər müzakirə edilib. Liderlərin danışığının təfərrüatları ilə bağlı hələlik heç bir əlavə məlumat verilmir.

Bir fakt özünü dəfələrlə qabarıq şəkildə göstərib. Nikol Paşinyan iqtisadi-siyasi hücumlara səbrlə, bəzən də sükutla cavab verir.  O, bu cür hiyləgər davranışları ilə qarşı tərəfi bir neçə dəfə aldadıb. Baş nazir özünü nə qədər qəribə aparsa da istədiyi nəticəyə nail olur. Yəni Moskva nə istəyir desin, Paşinyan öz bildiyini edir. Beləliklə, iki dövlət arasında tragikomik siyasi-iqtisadi oyunlar davam edir. Təhlükəli oyunların nə ilə nəticələnəcəyini isə zaman göstərəcəkdir. Hələlik görünən odur ki, Rusiya Ermənistanın üzüdönük siyasi davranışlarına qarşı özünün iqtisadi “badalaqlarını” gəlir.

Vəli İlyasov, ”İki sahil”