01 avqust 2026 20:42
97

"Müəllimin pedaqoji gündəliyi: Təcrübədən məqaləyə" seminarı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Müəllimin pedaqoji gündəliyi: Təcrübədən məqaləyə" adlı seminar keçirilib.

“İki sahil” xəbər verir ki, seminar  AGMA və "Azərbaycan müəllimi" qəzetinin birgə layihəsi olan "Müəllimin pedaqoji gündəliyi" layihəsinin iştirakçılarını bir araya gətirib. Tədbirdə Bakı şəhəri ilə yanaşı respublikanın müxtəlif şəhər və rayonlarından gələn müəllimlər iştirak ediblər. İştirakçılar məktəbəqədər təhsil, ümumi təhsil, orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrini təmsil edərək layihənin ölkənin bütün təhsil pillələrini əhatə edən geniş auditoriyaya malik olduğunu nümayiş etdiriblər.

Seminarın əsas məqsədi müəllimlərin pedaqoji təcrübələrini elmi və publisistik yazı prinsiplərinə uyğun şəkildə məqaləyə çevirmək bacarıqlarını inkişaf etdirmək, müəlliflik mədəniyyətini formalaşdırmaq, yazının planlaşdırılması və təqdim olunması üzrə praktiki biliklər qazandırmaq, eyni zamanda süni intellekt alətlərindən etik və səmərəli istifadə bacarıqlarını gücləndirmək olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin ideyası, həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, "Müəllimin pedaqoji gündəliyi" layihəsinin əsas məqsədi müəllimlərin zəngin pedaqoji təcrübəsini yazılı şəkildə sənədləşdirmək, onları müəllif kimi formalaşdırmaq və təhsil ictimaiyyəti ilə bölüşülə biləcək keyfiyyətli məqalələrin hazırlanmasını təşviq etməkdir.

Seminar çərçivəsində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova "Sinif otağından cəmiyyətə" mövzusunda çıxış edərək müəllim fəaliyyətinin cəmiyyətə təsiri, peşəkar təcrübələrin paylaşılmasının əhəmiyyəti və müəllim nüfuzunun formalaşmasında ictimai kommunikasiyanın rolundan bəhs edib. Nazirliyin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə "Pedaqoji təcrübənin kommunikasiya gücü" mövzusunda təqdimatla çıxış edərək müəllimlərin uğurlu fəaliyyətlərinin düzgün kommunikasiya olunmasının vacibliyini vurğulayıb.

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Sarvan İbrahimov "Müəllimdən müəllifə: Pedaqoji yazının mediada yeri və uğurlu məqalənin sirri" mövzusunda çıxış edərək müəllimlərin pedaqoji təcrübələrinin peşəkar məqaləyə çevrilməsi, müəlliflik bacarıqlarının inkişafı və yazıların media üçün hazırlanmasının əsas prinsipləri barədə tövsiyələrini bölüşüb.

Seminarın praktik hissəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva "Süni intellektdən etik və səmərəli istifadə yolları" mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimat zamanı müəllimlər süni intellekt alətlərindən məqalələrin hazırlanması, məzmunun təkmilləşdirilməsi və peşəkar fəaliyyətlərində etik prinsiplər çərçivəsində istifadə imkanları ilə bağlı praktiki biliklər əldə ediblər.

Tədbirin sonunda layihə çərçivəsində fəal iştirak edən müəllimlər sertifikatlarla təltif olunub. Seminar iştirakçıların fikir mübadiləsi və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və "Azərbaycan müəllimi" qəzetinin birgə həyata keçirdiyi "Müəllimin pedaqoji gündəliyi" layihəsi müəllimlərin pedaqoji təcrübələrinin yazılı şəkildə sənədləşdirilməsi, müəlliflik bacarıqlarının inkişaf etdirilməsi və ölkənin müxtəlif təhsil pillələrində çalışan pedaqoqlar arasında peşəkar bilik və təcrübə mübadiləsinin təşviq olunmasına xidmət edir. Layihəyə öz məqalənizi təqdim etmək üçün linkə daxil ola bilərsiniz:
https://forms.gle/6RXsXj8aAUFvmHut6