03 avqust 2026 20:36
100

“Süni İntellekt Savadlılığı” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) dövlət sektorunda süni intellekt üzrə bilik və bacarıqların artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin davamı olaraq Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları üçün təlimlər keçirib.

“İki sahil” xəbər verir ki, “Süni İntellekt Savadlılığı” layihəsi çərçivəsində təşkil olunan təlim sessiyalarında iştirakçılara süni intellektin əsas prinsipləri, dövlət sektorunda tətbiqi imkanları və müvafiq alətlərdən düzgün istifadə qaydaları barədə məlumat verilib. Təlimlərdə məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunması, potensial risklərin qiymətləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin dövlət xidmətlərinin və daxili iş proseslərinin təkmilləşdirilməsində rolu kimi mövzular əhatə olunub.

Qeyd edək ki, bu təlimlər “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda nəzərdə tutulan məlumatlılığın artırılması, institusional bacarıqların gücləndirilməsi və yeni texnologiyaların dövlət idarəçiliyində məsuliyyətli tətbiqinin təşviqi istiqamətlərinə uyğundur.

MSİM növbəti mərhələlərdə digər dövlət qurumlarının əməkdaşlarını da bu təlimə cəlb etməklə maarifləndirmənin əhatə dairəsini genişləndirmək niyyətindədir.